Xorvatiyada qatarlar toqquşdu, onlarla insan yaralandı

Xorvatiyada qatarlar toqquşdu, onlarla insan yaralandı Dünya

Xorvatiyada yük və sərnişin qatarlarının toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə Xorvatiya Radio və Televiziyası məlumat yayıb.

"Zaqrebdən təxminən 65 km aralıda yerləşən Sveti-İvan-Jabno bələdiyyəsində sərnişin və yük qatarlarının toqquşması baş verib. Hadisə yerinə təcili xidmət qurumları cəlb olunub, toqquşmanın səbəbi isə hələlik müəyyənləşdirilir", - məlumatda bildirilib.

Xorvatiya Təcili Tibbi Yardım İnstitutunun məlumatına görə, insident nəticəsində 24 nəfər xəsarət alıb, onların hamısına tibbi yardım göstərilib. 12 nəfərin müalicəsi davam etdirilir, onlardan üçünün vəziyyəti ağırdır.

Xorvatiyanın nəqliyyat naziri və baş nazirin müavini Oleq Butkoviçin bildirdiyinə görə, qəza bu yaxınlarda tikilmiş və təmir edilmiş dəmir yolu xəttində baş verib. Bununla əlaqədar o hər hansı nasazlığı qəzanın səbəblərindən biri kimi istisna edib.

"Təəssüf ki, insan amili həmişə mövcuddur, lakin gəlin araşdırmanın başa çatmasını gözləyək və o zaman hərəkətə keçərik", - o yekunlaşdırıb.

"Araşdırma başa çatdıqdan sonra qatarların hərəkəti bərpa ediləcək", - deyə nazir əlavə edib. (Report)