Yanğınsöndürənlərin necə işlədiyini görmək üçün avtomobilləri yandırdı
Dünya
Rusiyanın Moskva vilayətində 33 yaşlı kişi yanğınsöndürənlərin işini izləmək üçün avtomobilə od vurub.
News24.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, sərxoş kişi orada qapısı kilidlənməmiş avtomobil görüb.
Maşının salonuna daxil olaraq alışqanla arxa oturacağı yandırıb. Nəticədə yanğın başlayıb və alov qısa müddətdə yaxınlıqda park edilmiş digər 5 avtomobilə keçib.
Hadisə yerinə polis əməkdaşları gəlib və yaxınlıqda dayanaraq avtomobillərin yanmasını izləyən şəxsi saxlayıblar.
Kişi əməlinə səbəb kimi fövqəladə xidmətlərin necə işlədiyini görmək istəyini göstərib.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi — özgə əmlakını qəsdən məhv etmə maddəsi ilə cinayət işi açılıb.
Şübhəli şəxs həbs edilib və onu 5 ilədək həbs cəzası gözləyir.