Yaponiyada təbii fəlakət: 140 min insan yollarda qaldı
Dünya
Yaponiyanın paytaxtı Tokioda şiddətli yağışlar həyatı iflic edib.
News24.az “Kyodo” agentliyinə istinadla xəbər verir ki, aramsız yağan leysan səbəbindən paytaxtda nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb.
Dəmir yolu operatorları təhlükəsizlik məqsədilə çoxsaylı qatar reyslərinin ləğv edildiyini açıqlayıblar. Məlumata görə, qərardan 140 mindən çox sərnişin təsirlənib.
Yaponiyanın Meteorologiya Agentliyi (JMA) Tokionun cənubunda yerləşən vulkanik Niijima adası üçün torpaq sürüşməsi ilə bağlı ən yüksək səviyyəli həyəcan siqnalı verib. Sakinlərdən mümkün təbii fəlakətlərə qarşı maksimum diqqətli olmaları tələb edilib.
Sinoptiklər yağışlı havanın həftə ərzində paytaxt Tokio ilə yanaşı, qonşu Saitama və Çiba vilayətlərində də davam edəcəyi barədə xəbərdarlıq ediblər. (Qafqazinfo)