Yayda Avropada 50 mindən çox insanın ölüb- Şok səbəb

Yayda Avropada 50 mindən çox insanın ölüb- Şok səbəb Dünya

Bu ilin yayında Avropanın şəhərlərində həddindən artıq isti səbəbindən 50 mindən çox insanın öldüyü təxmin edilir.

News24.az xəbər verir ki, alimlərin hesablamalarına görə, bu ölümlərin təxminən üçdə ikisi iqlim dəyişikliyi ilə əlaqəlidir.

Araşdırma London İmperial Kolleci və London Gigiyena və Tropik Təbabət Məktəbinin alimləri tərəfindən aparılıb. Tədqiqat çərçivəsində Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Norveç və İsveçrə daxil olmaqla, 30 ölkədə 854 şəhər ərazisi araşdırılıb.

Alimlər temperatur göstəriciləri və ölüm halları arasındakı əlaqəni təhlil edərək 2000–2026-cı illərin yay aylarında istidən baş verən ölüm hallarını hesablayıblar.

Hesablamalara görə, 2026-cı ilin yayında istidən ölüm halları 2000-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Müqayisə üçün, 2022-ci ildə 29 min, 2003-cü ildə isə 28 min belə ölüm qeydə alındığı təxmin edilir.

Tədqiqatçılar bu yay ölümlərin təxminən üçdə birinin iyunun 17-dən iyulun 1-dək baş verdiyini bildiriblər. Həmin dövrdə orta gündəlik temperatur 1991–2020-ci illərin göstəricisindən 5 dərəcədən çox yüksək olub.