Yeni müharibə anonsu: Noyabrın 3-dən sonra...
Dünya
ABŞ və İran arasında diplomatik gərginliyin artması Yaxın Şərqdə hərbi qarşıdurma ehtimalını yenidən gündəmə gətirib. ABŞ Prezidenti Donald Tramp bir tərəfdən müharibənin başa çatması ilə bağlı nikbin açıqlamalar versə də, digər tərəfdən Tehrana qarşı yeni bombardman kampaniyası variantını nəzərdən keçirir. Bununla yanaşı, ABŞ-də noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra İranla bağlı hərbi ssenarilərin yenidən aktuallaşa biləcəyi barədə iddialar səsləndirilir. Bəzi məlumatlarda Avropa İttifaqı və İsrailin də mümkün hücum ssenarisində iştirak edəcəyi bildirilir.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-də noyabrın 3-də keçiriləcək Konqres seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı qərarlarına təsir göstərə bilər:
"Hazırda İsrail hökuməti, xüsusilə də Baş nazir Benyamin Netanyahu ABŞ-ni İrana qarşı hərbi əməliyyatlara başlamağa təşviq edir. İsraildə keçirilən parlament seçkilərindən sonra siyasi qüvvələr arasında yerlərin bölgüsü hökumətin formalaşdırılması baxımından müəyyən çətinliklər yaradıb. Bu vəziyyət ölkədə siyasi qeyri-müəyyənliyi artırır. Netanyahu üçün İrana qarşı hərbi əməliyyatların başlanması daxili siyasi mövqelərini möhkəmləndirmək baxımından əhəmiyyətli vasitələrdən biri ola bilər. Belə bir əməliyyat hökumətin formalaşdırılması prosesinə də təsir göstərə bilər”.
O qeyd edib ki, İsraildə siyasi vəziyyət və koalisiya hökumətinin formalaşdırılması ilə bağlı çətinliklər Netanyahunun mövqeyinə təsir edən amillərdəndir:
"ABŞ-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyası qalib gələrsə və İsraillə münasibətlərin inkişafını dəstəkləyən namizədlər Konqresdə üstünlük əldə edərsə, Vaşinqtonun mövqeyi İsrailin maraqlarına uyğun istiqamətdə formalaşa bilər. Belə bir ssenaridə ABŞ İsrailin yanında yer alaraq İrana qarşı hərbi qarşıdurmanın davam etdirilməsini dəstəkləyə bilər. ABŞ-də keçiriləcək seçkilərin nəticələri İranla bağlı münaqişənin gələcək istiqamətinə ciddi təsir göstərəcək".