Yeni təhlükə yaxınlaşır: Ölümcül virus dörd qitəyə yayıldı

Yeni təhlükə yaxınlaşır: Ölümcül virus dörd qitəyə yayıldı Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada aşkarlanan “M pox” virusunun yeni variantının sürətlə yayıldığını açıqlayıb.

News24.az xəbər verir ki, bu variant artıq dörd qitədə qeydə alınıb və çox sayda insanın ölümünə səbəb olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, virusun yayılması davam edərsə, yeni qlobal epidemiya baş verə bilər.

ÜST rəsmiləri virusun xüsusilə Mərkəzi və Qərbi Afrika ölkələrində sürətlə yayıldığını bildiriblər. Baş direktor Tedros Adhanom Ghebreyesus qeyd edib ki, Sudan da daxil olmaqla bir çox Afrika ölkəsində səhiyyə sistemi ağır vəziyyətdədir:

“Sudanda milyonlarla insan silahlı qarşıdurmalar və məhdud humanitar yardım səbəbindən səhiyyə xidmətindən məhrumdur. ÜST bu bölgələrə yardım çatdırmaq üçün çalışır, lakin imkanlar çox məhduddur", – deyə Ghebreyesus bildirib.

O əlavə edib ki, təşkilat Tavila və Faşir kimi bölgələrə tibbi yardım göndərir və vəba, kəskin qida çatışmazlığı, ana və uşaq sağlamlığı sahələrində dəstəyini artırıb:

“Daha çox yardım göstərməyə hazırıq, amma giriş imkanlarına ehtiyacımız var. İnsanları xilas etməyimiz bundan asılıdır", – ÜST rəhbəri vurğulayıb.