Yunanıstanda Nil virusuna yoluxma artdı

Yunanıstanda Nil virusuna yoluxma artdı Dünya

Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarında artım qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) məlumat yayıb.

İlin əvvəlindən avqustun 5-dək ölkədə 65 yoluxma halı təsdiqlənib, 6 nəfər isə virus səbəbindən həyatını itirib.

Qurumun rəhbəri Teodoros Vasilakopulos bildirib ki, yoluxmalar əsasən paytaxt Afina da daxil olmaqla Attika bölgəsinin cənub və şərq hissələrində qeydə alınıb.

Onun sözlərinə görə, Qərbi Nil virusu adi ağcaqanadlar vasitəsilə yayılır. Yoluxanların əksəriyyətində heç bir əlamət müşahidə olunmur, təxminən 20 faizində yüngül qızdırma yaranır. Ensefalit və meningit kimi ağır fəsadlar isə 1 faizdən az hallarda baş verir.

EODY-nin məlumatına əsasən, virusdan ölənlərin hamısı 65 yaşdan yuxarı şəxslər olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə Yunanıstanda 35 yoluxma halı qeydə alınmışdı. 2025-ci ildə isə ümumilikdə 96 nəfər virusa yoluxub, 10 nəfər həyatını itirib.