Yunanıstanda sosial mediaya 15 yaş məhdudiyyəti qoyulur
Dünya
Yunanıstan 2027-ci il yanvarın 1-dən etibarən 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıracaq.
News24.az xəbər verir ki, bu barədə dövlət naziri Akis Skertsos, səhiyyə naziri Adonis Georgiadis və rəqəmsal idarəetmə naziri Dimitris Papastergiu birgə mətbuat konfransında məlumat veriblər.
Akis Skertsos bildirib ki, sosial media şirkətlərinin uşaqların müdafiəsi üçün tətbiq etdiyi qaydalar artıq kifayət etmir. Buna görə də 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışı məhdudlaşdırılacaq.
Səhiyyə naziri Adonis Georgiadisin sözlərinə görə, Yunanıstanda 10-12 yaşlı uşaqların yarıdan çoxunun sosial media hesabı var. Hesabı olan hər dörd uşaqdan biri isə sosial şəbəkələrdə çox vaxt keçirir.
Rəqəmsal idarəetmə naziri Dimitris Papastergiu qeyd edib ki, yeni hüquqi çərçivə Avropa İttifaqının qanunvericiliyinə uyğun hazırlanacaq və 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Məhdudiyyət qüvvəyə mindikdən sonra 15 yaşdan kiçik şəxslərin daha əvvəl yaratdığı sosial media hesablarının da bloklanması nəzərdə tutulur.