Yunanıstan və ABŞ arasında üç sənəd imzalanacaq
Dünya
Yunanıstan və ABŞ oktyabrın 7-də ABŞ dövlət katibi Marko Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar. Marko Rubio səfər çərçivəsində Yunanıstan-ABŞ strateji dialoqunun altıncı raundunda iştirak edəcək.
Newss24.az xəbər verir ki, bu barədə Afina-Makedoniya Xəbər Agentliyi (ANA-MPA) məlumat yayıb.
Agentliyin məlumatına görə, ilk növbədə, eramızın XV əsrinədək olan dövrə aid müəyyən kateqoriyalı arxeoloji və etnoloji materialların idxalına məhdudiyyətlərin tətbiqinə dair Anlaşma Memorandumunun müddəti uzadılacaq.
Bundan əlavə, Yunanıstan və ABŞ Yunanıstan Silahlı Qüvvələri ilə Florida Milli Qvardiyası arasında əməkdaşlığın qurulmasına dair niyyət məktubu imzalayacaqlar.
Həmçinin Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkməsinə dair 1978-ci il Beynəlxalq Konvensiyasına (STCW) uyğun olaraq dənizçilərin səriştə sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu imzalanacaq. Agentliyin qeyd etdiyi kimi, məqsəd dənizçilərin işlə təmin olunmasını asanlaşdırmaq, eləcə də Yunanıstan və ABŞ arasında dəniz təhsili və hazırlığı sahəsində əməkdaşlığı gücləndirməkdir.
Yunanıstan-ABŞ strateji dialoqunun altıncı raundu oktyabrın 7-də Afinada Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis və ABŞ dövlət katibinin iştirakı ilə keçiriləcək.