Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib.
News24.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyini və bu addımların nədən ibarət ola biləcəyini müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, bu təminatların uzun müddət qüvvədə qalması üçün hansı şərtlərin lazım olduğu və gərginliyin azaldılması üçün atılmalı addımlar da müzakirə olunub.
Bəzi məlumatlara görə, iştirakçılar qitədə yeni təhlükəsizlik sisteminin formalaşdırılmasının əsas məsələlərini də nəzərdən keçiriblər. Həmçinin bildirilir ki, Moskva, Vaşinqton və Kiyevin nümayəndələri təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanmasına və regional sabitliyin möhkəmləndirilməsinə diqqət yetirməyi planlaşdırırlar.
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlar iki gün davam edəcək. İlk görüş 40 dəqiqəlik fasilə ilə dörd saat yarım çəkib. Danışıqlar sabah davam edəcək.