Zelenskinin uğurlu keçən İspaniya səfəri: Madrid Kiyevə milyonlarla dollarlıq yardım ayırır
Dünya
İspaniya Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri zamanı Kiyevin Rusiya təcavüzünə qarşı hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə 817 milyon avroluq (946 milyon dollarlıq) yeni hərbi və maliyyə yardım paketi açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yardımın əsas hissəsi, o cümlədən 300 milyon avro dəyərində müdafiə avadanlığı 2024-cü ilin mayında imzalanan və hər il Ukraynaya 1 milyard avro ayırmağı nəzərdə tutan 10 illik təhlükəsizlik və müdafiə sazişi çərçivəsində verilir.
İspaniyanın Baş naziri Pedro Sançes birgə mətbuat konfransında bildirib ki, paket çərçivəsində NATO-nun PURL təşəbbüsü üzrə Ukrayna üçün 100 milyon avro dəyərində ABŞ istehsalı olan hərbi texnika alınacaq.
Bundan əlavə, Ukraynanın bərpasına sərmayə qoyan şirkətlər üçün 200 milyon avroluq kredit xətti açılıb.
Sançes yardım paketinin məqsədini belə izah edib:
“Birincisi, Ukrayna ordusunun ölkənin ərazi bütövlüyünü müdafiə etməsi üçün, ikincisi, mülki əhalini qorumaq üçün və nəhayət, Ukraynanın yenidən qurulmasına təkan vermək üçün”.
O həmçinin Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası üçün istifadəsinə dəstəyini yenidən təsdiqləyib.