125 nömrəli avtobusda kondisioner sistemi işləmir? - RƏSMİ
Gündəm
125 nömrəli marşrut avtobuslarında kondisioner sisteminin işləməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.
Məsələ ilə bağlı "BakuBus" MMC-dən News24.az-ın sorğusunu cavab olaraq bildirib ki, məsələ araşdırılıb və bununla bağlı müvafiq açıqlama verilib.
"Nəzərinizə çatdırırıq ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib. 2 iyun tarixindən etibarən avtobuslarda kondisioner sistemləri yay rejiminə uyğun olaraq aktivləşdirilib və fasiləsiz fəaliyyəti təmin olunur. “BakuBus” MMC tərəfindən hər gün xəttə orta hesabla 1 090 avtobus buraxılır. Gün ərzində intensiv istismar olunan bu qədər sayda nəqliyyat vasitəsi arasında ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir. Bununla belə, hazırda xəttə çıxan avtobusların 90 faizində kondisioner sistemləri tam işlək vəziyyətdədir. 125 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslarda kondisioner sistemi hazırda işlək vəziyyətdədir. Sorguda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, 125 nömrəli xətt üzrə ötən gün bir avtobusda kondisionerlə bağlı texniki nasazlıq olub, lakin həmin problem artıq aradan qaldırılıb".
Bildirilib ki, kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verir:
"Müraciət operativ qaydada qiymətləndirilir, marşrut üzrə sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi məqsədilə isə mövcud vəziyyət və ehtiyat avtobusun mövcudluğu nəzərə alınmaqla nəqliyyat vasitəsinin əvəzlənməsi həyata keçirilir. Sərnişinlərdən xahiş edirik ki, kondisioner sisteminin fəaliyyəti ilə bağlı hər hansı narahatlıqla qarşılaşdıqları halda marşrut nömrəsini, avtobusun dövlət qeydiyyat nişanını, hərəkət istiqamətini və mümkün olduqda vaxtı qeyd etməklə “BakuBus” MMC-yə müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür".