Azərbaycan İrana sərt reaksiya verməlidir - ŞƏRH

Azərbaycan İrana sərt reaksiya verməlidir - ŞƏRH
GÜNDƏM / SİYASƏT

03 may 2021, 15:04

Mətn ölçüsü

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır. Ortaya bir sual çıxır: İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır və rusiyalı sülhməramlılar niyə bu qaçaqmalçılığa göz yumur?


Siyasi şərhçi, politoloq Şahin Cəfərli məsələni News24.az-a şərh edib. O bildirib ki, başqa bir dövlətdən Azərbaycan ərazisinə hansısa şəxslər, hər hansı yük və ya minik avtomobili xəbərsiz, müvafiq gömrük məntəqələrindən xaric keçirsə, bu, qanunsuzluqdur: “Həmçinin, Azərbaycanın suverenlik hüquqlarına hörmətsizlikdir. Doğrudan da belə bir fakt varsa, beynəlxalq hüquq baxımından tam qanunsuzdur və Azərbaycan bu məsələyə çox ciddi reaksiya verməlidir, müvafiq diplomatik kanallarla öz etirazını çatdırmalıdır. Bu, təbii ki, yolverilməz haldır. Yüklərin daşınması üçün Azərbaycanın icazəsi olmalıdır. İcazədən başqa, həmin avtomobillər yoxlanılmalı və hansı yüklərin daşındığını dövlətimiz bilməlidir. Dövlətlər arasında razılaşdırıldıqdan sonra hansısa humanitar və ya digər yardımlar edilə bilər”.  

Siyasət şöbəsi

Instagram