ABŞ-nın İrəvana milyardlar ayırmasının səbəbi... - Hədəfdə kimdir?

ABŞ-nın İrəvana milyardlar ayırmasının səbəbi... - Hədəfdə kimdir? Gündəm

“ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfəri sıradan diplomatik təmas deyil, Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətində yeni və daha aktiv mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfər ABŞ-ın regionda mövcudluğunu açıq şəkildə nümayiş etdirməyə və həm regional, həm də regiondankənar güclərə siyasi mesaj verməyə hesablanıb”.

Bunu News24.az-a açıqlamasında Cey Di Vensin Azərbaycana səfəri ilə bağlı danışan politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, ABŞ indiyədək Cənubi Qafqaza bu səviyyədə diqqət ayırmamışdı:

"Son oxşar aktivlik yalnız 2008-ci ildə Gürcüstanda baş verən müharibə zamanı müşahidə olunub. Daha sonrakı dövrlərdə Vaşinqtonun bölgəyə dair müəyyən siyasəti olsa da, bu, indiki qədər intensiv və açıq formada olmayıb. ABŞ-ın əsas hədəflərindən biri Azərbaycan–Ermənistan sülh danışıqlarında daha fəal rol almaq, bu prosesdə əsas vasitəçi və təminatçı kimi çıxış etməkdir. Xüsusilə Zəngəzur dəhlizi və TRIPP layihəsi bu baxımdan Vaşinqton üçün strateji əhəmiyyət daşıyır. ABŞ bu layihələrdə aparıcı rol almaqla həm regional kommunikasiya xətlərinə nəzarət imkanlarını genişləndirmək, həm də bölgədə maraqları olan digər güclərin təsir imkanlarını məhdudlaşdırmaq niyyətindədir".

Politoloq vurğulayıb ki, vitse-prezident səviyyəsində səfər bir mesajdır:

"Azərbaycan–Ermənistan sülh prosesinə, Zəngəzur dəhlizinə və TRIPP layihəsinə istənilən müdaxilə ABŞ-ın maraqlarına qarşı addım kimi qiymətləndiriləcək. Bu mesaj həm region ölkələrinə, həm də Rusiya, İran və digər maraqlı tərəflərə ünvanlanıb. Zəngəzur dəhlizi ABŞ üçün təkcə regional kommunikasiya xətti deyil, eyni zamanda Orta dəhliz və ümumilikdə Avrasiya nəqliyyat şəbəkəsində mövqelərin möhkəmləndirilməsi baxımından mühüm alətdir. Bu da ABŞ-ın Avrasiyadakı geosiyasi maraqları ilə birbaşa üst-üstə düşür. Bu kontekstdə Azərbaycan və Ermənistan artıq Vaşinqton üçün sadəcə tərəfdaş deyil, strateji əhəmiyyət daşıyan ölkələr kimi dəyərləndirilir".

Cey Di Vensin Ermənistana səfəri ilə də bağlı danışan Asif Nərimanlı bildirib ki, orada təxminən 10 milyard dollara yaxın investisiya məsələsi gündəmə gətirilib. Əsas diqqət Ermənistanın nüvə enerji sektoruna ABŞ investisiyalarının cəlb olunmasına yönəlib. ABŞ-ın modul tipli nüvə elektrik stansiyaları təklif etməsi həm enerji təhlükəsizliyi, həm də Rusiyanın Ermənistanın enerji bazarındakı təsirinin azaldılması məqsədi daşıyır.

Politoloqun fikrincə, bu istiqamətdə razılaşmaların əldə olunması Rusiyanın Ermənistan bazarından mərhələli şəkildə çıxarılması prosesini sürətləndirə bilər. Bu isə Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi və ABŞ-ın bölgədə mövqelərinin daha da möhkəmlənməsi anlamına gəlir.