Canlı yayım açan tiktokerlərdən biri universitetdən xaric edildi - YENİLƏNDİ/VİDEO
Gündəm
Xəbər verdiyimiz kimi, "TikTok" platformasında “leylakenan” adlı profildən canlı yayım edən şəxslər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələrinə qarşı aşağılayıcı ifadələr işlədiblər.
News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bununla bağlı araşdırma aparıldığını bildirib.
Sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
*** 13:32
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.
***
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər narazılığa səbəb olub. Belə ki, "TikTok" platformasında “leylakenan” adlı profildən canlı yayım edən şəxslərin universitetin birinci kurs tələbələrini aşağılayıcı ifadələrlə hədəfə aldığı iddia edilir.
News24.az məsələ ilə bağlı ADMİU-ya sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, təhsil müəssisəsi bu barədə məlumatlıdır:
"Bu gün sosial şəbəkələrdə, xüsusilə, TikTok platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb.
Sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır. Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir".