Şahdağda dünya çempionatı: Turizmə hansı təsir gözlənilir?

Şahdağda dünya çempionatı: Turizmə hansı təsir gözlənilir? Gündəm

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanın turizm potensialı və ölkəni turistlər üçün cəlb edən imkanlar barədə danışıb. Dövlət başçısı bildirib ki, iki ay sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı keçiriləcək.

“Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breez"ə böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur”, - deyə Prezident əlavə edib.

Şahdağda ilk dəfə keçiriləcək Xizəksürmə üzrə dünya çempionatının Azərbaycanın turizminə təsirləri barədə News24.az-a açıqlama verən turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, keçirilən yarışlar, festivallar və digər tədbirlər ölkəyə xeyli sayda turistin cəlb olunmasına şərait yaradır.

“Cənab Prezidentin qeyd etdiyi kimi iki aydan sonra Şahdağda keçiriləcək Xizək yarışması qış turizmini və xizək sürməyi sevən həm həvəskarları, həm də peşəkarları ölkəmizə cəlb edəcək. Bir qədər əvvəl Azərbaycanda əsasən yay turizmi inkişaf edirdisə, hazırda qış turizmi də sürətlə genişlənir. Qəbələ, Qusar və Naxçıvan istiqamətlərində yerləşən qış kompleksləri bu sahənin inkişafına birbaşa təsir göstərir. Bundan əlavə hər rayonun məhsullarına uyğun keçirilən festivallar və MDB oyunlarının regionlarda təşkili nəinki paytaxtın, həm də regionların iqtisadi inkişafına müsbət təsir göstərir. Bu tədbirlər həmçinin həmin bölgələrdəki turizm obyektlərinin və idman infrastrukturunun təkmilləşməsinə və yenilənməsinə şərait yaradır. Ümumilikdə, ölkəyə turist axını artdıqca, bu həm dövlət büdcəsinə, həm də əhalinin sosial-iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir”, – deyə Şiriyev əlavə edib.

Turizm üzrə ekspert Əziz Şiriyev

Millət vəkili Göydəniz Qəhrəmanov da bildirib ki, Prezident İlham Əliyevin turistlərin cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, turizm artıq dövlət siyasətində strateji istiqamət kimi qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan üçün əsas üstünlüklər təhlükəsizlik, sabitlik, coğrafi mövqe və dörd fəsil turizmi imkanlarıdır. Bu amillər ölkəni regionun ən cəlbedici turizm istiqamətlərindən birinə çevirir.

Millət vəkili Göydəniz Qəhrəmanov

G.Qəhrəmanov vurğulayıb ki, iki ay sonra Şahdağda keçiriləcək Xizəksürmə üzrə dünya çempionatı yalnız idman yarışı deyil, həm də Azərbaycanın qış turizmi potensialının beynəlxalq səviyyədə təqdimatıdır. Beynəlxalq Xizək Federasiyasının təqvimində yer almaq ölkənin turizm brendini gücləndirir, yeni turist axını yaradır və regionların iqtisadi inkişafına əlavə təkan verir.

Millət vəkili əlavə edib ki, belə tədbirlər Azərbaycanın həm imicini, həm də real turist sayını artırır və yaxın illərdə ölkənin regional turizm mərkəzinə çevrilməsini sürətləndirir.