"Anamın duaları mənimlədi!” - Vahid Qazidə xərçəng tapıldı
Gündəm
Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.
News24.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb. Qeyd edib ki, o da “əsrin bəlası” ilə mübarizə aparır:
“Bizim uşaqlığımızda iki höcətləşən arasında dava ən çox bu sözdən sonra başlayırdı: ”Sən maa heş zad eliyə bilməssən!”
Zəif olan özündən güclüyə deyirdi onu. Bax o anda o zəifin gücü yalnız o sözü deyə bilməyə çatırdı. Çox vaxt o söz atəşə nöyüt tökmək effekti verirdi. Hərdən isə əksinə olurdu – o cəsarətli sözdən sonra dava başlamadan bitirdi. Çünki güclü zəifin kimə arxalandığını bilirdi.
Ömür boyu heç vaxt yaşamadığım qarışıq duyğular, fikirlər dolu neçə ayın sonunda mənim də bax elə o sayaq ”dava günüm” yetişdi. Davam dövrümüzün çərdəymiş bəlasıyladı. Özündən güclüyə o sözün deyildiyi az qala 50 illik xatirənin məhz bu gün yada düşməsi də boşuna deyil yəqin.
İndi o sözü mən deyirəm: ”Əsrin bəlası, ”sən maa heş zad eliyə bilməssən!”
Göydə Anamın, yerdə doğmaların, yaxınların duaları mənimlədi!”.
Qeyd edək ki, Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.
1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.
Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.
2012-ci ildən İsveçdə yaşayır.