Ardıcıl baş verən zəlzələlərin səbəbi məlum oldu: Seysmoloq xəbərdarlıq etdi

Ardıcıl baş verən zəlzələlərin səbəbi məlum oldu: Seysmoloq xəbərdarlıq etdi Gündəm

Bu gün səhər saatlarında Xəzər dənizində növbəti dəfə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb. Xatırladaq ki, dünən də Xəzər dənizində ən böyüyü 5,3 olmaqla, dörd zəlzələ baş vermişdi. Eləcə də aprelin 2-də Xəzərdə bir neçə belə zəlzələ qeydə alınmışdı.

Bəs son günlər zəlzələlərin belə ardıcıl baş verməsinin səbəbi nədir?

Məsələ ilə bağlı News24.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, son günlər Xəzər dənizində zəlzələlərin ardıcıl baş verməsi təsadüfi deyil. Bu, regionun geoloji quruluşu ilə birbaşa bağlıdır:

“Xəzər dənizi uzun illərdir seysmik baxımdan aktiv zona kimi tanınır və burada bir neçə əsas seysmik ocaq, tektonik qırılma və geoloji pozuntu xətləri mövcuddur. Bu qırılmalar bir-biri ilə əlaqəli şəkildə yerləşir və dərin qatlarda, əsasən 30-75 kilometr intervalında aktivlik göstərir. Yer qabığının dərin qatlarında daim gərginlik toplanır. Bu gərginlik müəyyən həddə çatdıqda isə boşalma baş verir və nəticədə kiçik və orta maqnitudalı zəlzələlər qeydə alınır. Hazırda müşahidə etdiyimiz proses də məhz bu gərginliyin boşalması ilə əlaqədardır”.

Seysmoloq vurğulayıb ki, bir qırılmada baş verən hərəkət qonşu qırılmalara da təsir edir və onların da aktivləşməsinə səbəb olur:

“Əgər bir qırılma xətti üzrə hərəkət intensivləşirsə, ona yaxın yerləşən digər qırılmalar da bu prosesə qoşulur. Onlar bir-birini sanki ‘titrədir’ və nəticədə seysmik ocaqlar ardıcıl şəkildə aktivləşir. Bu isə zəlzələlərin tək-tək yox, silsilə şəklində baş verməsinə gətirib çıxarır. Burada söhbət böyük zəlzələdən sonra yaranan təkanlardan getmir. Əksinə, eyni zonada bir neçə zəif və ya orta güclü zəlzələ müstəqil şəkildə, lakin ardıcıl olaraq baş verir. Bu, tamamilə normal seysmik prosesdir və Xəzər kimi mürəkkəb tektonik quruluşa malik bölgələr üçün xarakterikdir”.

Mütəxəssis bu prosesin “seysmik sürü effekt” olduğunu bildirib. Onun sözlərinə görə, bu hal böyük zəlzələdən sonra baş verən afterşoklardan fərqlənir:

"Xəzər dənizi geoloji və tektonik baxımdan çox mürəkkəb regiondur və burada seysmik silsilələrin, sürü effektinin və digər oxşar hadisələrin baş verməsi qaçılmazdır. Azərbaycanda dağıdıcı və katastrofik zəlzələlərin baş vermə ehtimalı çox aşağıdır. Güclü, dağıdıcı zəlzələlər istisna hallarda baş verə bilər və ehtimalı çox azdır. Lakin bu o demək deyil ki, zəlzələ olmayacaq. Əksinə, demək olar ki, hər gün kiçik maqnitudalı zəlzələlər baş verir. Sadəcə onların çoxu hiss olunmur”.