Məktəblərdə təxribatın əsl səbəbi: Hicab arxasında gizlənənlər ifşa olundu
Gündəm
Bakıda ümumi təhsil müəssisələrində vahid məktəbli geyimlərinin tətbiqi ilə bağlı müəyyən edilmiş qaydalar ətrafında müzakirələr davam edir. Qaydaların tətbiqinə etiraz edən bəzi şəxslərin davranışları isə məsələni sadəcə geyim seçimi çərçivəsindən çıxararaq təhsil müəssisələrində təhlükəsizlik, qanunlara hörmət və uşaqların təhsil hüququ kimi daha geniş məsələləri gündəmə gətirir.
İddialara görə, etiraz edən bir qrup şəxs məktəblərdə gərginlik yaradıb, dərs prosesi zamanı təhsil müəssisələrinin ərazisinə zorla daxil olub, qapı və pəncərələrə zərər vurub. Bu cür hadisələr təhsil mühitində sabitliyin qorunması və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı suallar doğurur.
Bəs, baş verən hadisələrin arxasında hansı amillər dayanır?
Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, İranın müəyyən siyasi-ideoloji və təhlükəsizlik dairələrinin Azərbaycanın daxili proseslərinə təsir göstərmək cəhdləri ilə bağlı narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, bu istiqamətdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mühüm əməliyyatlar həyata keçirilib, radikal dini qruplaşmalara qarşı mübarizə gücləndirilib:
"Məsələni yalnız iki dövlət arasındakı münasibətlər çərçivəsində qiymətləndirmək düzgün deyil. Proseslərə regional geosiyasi rəqabət, milli kimlik, dini ideologiya və təhlükəsizlik maraqları kontekstində yanaşmaq lazımdır. İranın Azərbaycanın müəyyən siyasi addımlarından narazı olması ilə ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri eyni məsələ deyil. Konkret müdaxilə iddiaları rəsmi açıqlamalarla yanaşı, yoxlanıla bilən faktlar, sənədlər və müstəqil araşdırmalar əsasında qiymətləndirilməlidir".
Deputat qeyd edib ki, əsas amillərdən biri 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsidir:
"Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığının möhkəmlənməsi, regional mövqeyinin güclənməsi və müstəqil xarici siyasət yürütməsi İranın bölgədəki imkanlarına təsir göstərir. Azərbaycanla İsrail arasında bir sıra sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq Tehran tərəfindən təhlükəsizlik məsələsi kimi təqdim olunur. İran rəsmiləri Azərbaycan ərazisinin İrana qarşı istifadə oluna biləcəyi ilə bağlı iddialar səsləndirirlər. Azərbaycan tərəfi isə bu iddiaları dəfələrlə rədd edib və Prezident İlham Əliyev səviyyəsində bu məsələyə münasibət bildirilib”.
A.Nağıyev İranın dini-siyasi təsir imkanları məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda İranın siyasi-dini ideologiyasının yayılmasına yönəlmiş fəaliyyətlərlə bağlı müxtəlif dövrlərdə addımlar atılıb, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülüb:
"Məsələyə təsir edən digər amillərdən biri də İranda yaşayan azərbaycanlı əhalidir. İranda çoxsaylı azərbaycanlı yaşayır. Müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğu, milli kimlik və ana dili hüquqları ilə bağlı məsələlər İranın bəzi siyasi dairələrində həssaslıq yarada bilər. Bununla belə, bu yanaşmanı İranın bütün dövlət qurumlarının vahid mövqeyi kimi təqdim etmək düzgün olmazdı”.
Deputat əlavə edib ki, Tehran Ermənistanla sərhəd və regiondakı geosiyasi vəziyyətin dəyişməsindən də narahatlıq keçirir. Buna görə də baş verənləri yalnız ayrı-ayrı hadisələr və ya geyim məsələsi ilə əlaqələndirmək düzgün yanaşma deyil.
“Burada daha geniş və ciddi siyasi proseslərdən söhbət gedir. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları əməliyyat şəraitinə nəzarət etmək və mümkün təhlükələrin qarşısını almaq istiqamətində ciddi addımlar atırlar", - deyə deputat bildirib.