Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR Gündəm

Aprelin 16-da Bakı Avrasiya Universitetində Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin qrant layihəsi çərçivəsində “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” mövzusunda ictimai müzakirə keçirilib. Müzakirənin məqsədi Azərbaycan dilinin qorunması, inkişafı və milli kimliyin formalaşmasındakı rolunun gücləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan birliyin sədri və layihə rəhbəri Xanoğlan Əhmədov bildirib ki, layihə Bakı və Sumqayıtda həyata keçirilir və dilimizin cəmiyyət həyatındakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, onun milli kimliyi, mənəvi dəyərləri və tarixi yaddaşı yaşadan əsas vasitə kimi ictimai şüurda rolunu daha da artırmaqdır. Bu istiqamətdə görülən işlər dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihə rəhbəri qeyd edib ki, Azərbaycan dili xalqın mədəniyyətini və düşüncə tərzini yaşadan başlıca ünsiyyət vasitəsidir. Lakin sosial media və reklam mühitindəki yad təsirlər dilin saflığına mənfi təsir göstərir.

“Layihə çərçivəsində küçə və reklamlarda dil normalarının pozulması, həmçinin Azərbaycandilli mətbuatın vəziyyəti təhlil olunub. Bildirilib ki, layihə vasitəsilə ictimaiyyətin diqqəti bu problemlərə yönəldiləcək, maarifləndirmə və praktiki tədbirlərlə dilin qorunmasına və inkişafına dəstək veriləcək”. – deyə Xanoğlan Əhmədov bildirib.

Giriş nitqindən sonra Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib.

O, çıxışında vurğulayıb ki, Azərbaycan dili və mədəniyyəti, eləcə də milli və bəşəri dəyərlər müasir dövrdə cəmiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb edir və aktuallığını qoruyub saxlayır. Bildirilib ki, bu gün dünyada 50 milyondan artıq insanın ana dili olan Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın zəngin tarixini, mədəni irsini və mənəvi dəyərlərini yaşadan mühüm mənəvi sərvətdir.

Məruzədə qeyd olunub ki, Azərbaycan dili dövlətçiliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, milli kimliyimizin formalaşmasında və qorunmasında həlledici rol oynayır. Bu dil əsrlər boyu formalaşmış tarixi yaddaşımızın daşıyıcısı, mədəniyyətimizin və milli düşüncə tərzimizin qoruyucusu kimi çıxış edir.

M.Rəhimov diqqətə çatdırıb ki, qloballaşma şəraitində müxtəlif xarici təsirlərin artdığı bir dövrdə ana dilimizin saflığının qorunması, onun düzgün və zəngin şəkildə işlədilməsi xüsusi önəm daşıyır. Bu baxımdan, dilə həssas yanaşma, xüsusilə gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi prioritet məsələlərdəndir.

Məruzəçi çıxışının sonunda vurğulayıb ki, Azərbaycan dilinin yaşadılması və inkişaf etdirilməsi yalnız dövlət siyasətinin tərkib hissəsi deyil, eyni zamanda hər bir vətəndaşın mənəvi məsuliyyəti və vətəndaşlıq borcudur. Bu istiqamətdə atılan hər bir addım milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli çıxışında bildirib ki, Azərbaycan dili xalqımızın milli kimliyinin ən əsas sütunlarından biridir və mədəniyyətimizin formalaşmasında mühüm rol oynayır. Dil vasitəsilə nəsillər arasında mənəvi bağlar qurulur və tarixi yaddaş qorunur. Azərbaycan dilində yaranan ədəbiyyat, şeir və folklor nümunələri xalqın dünyagörüşünü və həyat tərzini əks etdirir. Bu dil bizim adət-ənənələrimizi, mərasimlərimizi və dəyərlərimizi yaşadan əsas vasitədir. Onun fikrincə, ana dilində danışmaq insanlarda milli qürur və mənsubiyyət hissini gücləndirir. Dilimizin zənginliyi və ifadə imkanları mədəni irsimizin daha dolğun şəkildə çatdırılmasına şərait yaradır: “Tarix boyu Azərbaycan dili müxtəlif təsirlərə məruz qalsa da, öz orijinallığını qoruyub saxlayıb. Bu dil xalqın mübarizə ruhunu və azadlıq arzularını ifadə edən əsas vasitələrdən biri olub.

Azərbaycan dilinin qorunması və inkişafı milli mədəniyyətimizin davamlılığı üçün vacibdir. Təhsil sistemində ana dilinə verilən önəm gənc nəslin milli ruhda yetişməsinə kömək edir”.

R.Mirhəşimli qeyd edib ki, dil həm də milli birlik və həmrəyliyin əsas amillərindən biridir. Müasir dövrdə qloballaşma proseslərinə baxmayaraq, Azərbaycan dili öz mövqeyini qorumaqdadır. Bu isə xalqın öz mədəniyyətinə olan bağlılığının göstəricisidir. Azərbaycan dili mədəniyyətimizin yaşaması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün əvəzsiz bir dəyərdir.

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri Dilçilik və türk dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli çıxışında Azərbaycan dilinin inkişaf tarixinə nəzər salaraq onun keçdiyi mərhələlər barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dili qədim köklərə söykənən, zəngin və çoxşaxəli inkişaf yolu keçmiş dillərdən biridir. Müxtəlif tarixi dövrlərin təsiri ilə formalaşan bu dil zamanla cilalanaraq bugünkü yüksək səviyyəsinə çatıb.

Zəminə Rüstəmbəyli vurğulayıb ki, Azərbaycan dili yalnız gözəlliyi və ahəngdarlığı ilə seçilmir, həm də geniş coğrafiyada ünsiyyət vasitəsi kimi mühüm rol oynayır. Bu dil təkcə ölkə daxilində deyil, həm də xarici ölkələrdə, xüsusilə türk xalqları arasında qarşılıqlı anlaşma və mədəni əlaqələrin qurulmasında əhəmiyyətli yer tutur.

Onun sözlərinə görə, qloballaşma şəraitində dillərarası təsirlər qaçılmazdır və başqa dillərdən sözlərin daxil olması təbii proses kimi qəbul edilməlidir. Əsas məsələ bu təsirlərin dilin daxili qanunlarına uyğun şəkildə mənimsənilməsi və onun saflığının qorunmasıdır. Dil öz inkişaf mexanizmləri vasitəsilə bu prosesi tənzimləmək gücünə malikdir.

Kafedra müdiri qeyd edib ki, Azərbaycan dilinin gözəlliyi və zənginliyi təkcə onun lüğət tərkibi və qrammatik quruluşu ilə ölçülmür. Bu dil, eyni zamanda, xalqımızın milli kimliyini, dünyagörüşünü və mədəni-mənəvi dəyərlərini özündə əks etdirən canlı bir irsdir. Bu baxımdan, ana dilimizin qorunması və inkişafı hər birimizin diqqət mərkəzində olmalıdır.

Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Qubadov çıxışında dilin inkişaf qanunauyğunluqları və yeni sözlərin yaranma prosesi haqqında ətraflı fikirlər səsləndirib.

O bildirib ki, Azərbaycan dilinə yeni sözlərin daxil olması təbii və qaçılmaz bir prosesdir. Cəmiyyət inkişaf etdikcə, elm və texnologiyalar sürətlə yeniləndikcə dil də bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətində qalır. Bu uyğunlaşma nəticəsində yeni anlayışları ifadə etmək üçün ya başqa dillərdən sözlər alınır, ya da dilin daxili imkanları hesabına yeni sözlər formalaşdırılır.

Q.Qubadov xüsusilə vurğulayıb ki, bu prosesin süni şəkildə sürətləndirilməsi və ya inzibati yollarla yönləndirilməsi arzuolunan nəticələr vermir. Onun fikrincə, dil canlı orqanizm kimi öz daxili qanunları ilə inkişaf edir və hər hansı kənar müdaxilə bu təbii axarı poza bilər.

Ekspert qeyd edib ki, cəmiyyətin ehtiyac duyduğu sözlər zamanla dilə daxil olur, geniş istifadə qazanaraq işlək hala gəlir. Əksinə, ehtiyacdan doğmayan və ya dilin fonetik və qrammatik xüsusiyyətlərinə uyğun gəlməyən sözlər isə uzunömürlü olmur və tədricən istifadədən çıxır.

Bu baxımdan o hesab edir ki, yeni sözlərin dilə qəbulunda əsas meyar məhz ehtiyac prinsipi olmalıdır. Dilin təbiətinə uyğun gələn, ünsiyyətdə zəruri olan sözlər qəbul edilməli, uyğun olmayanlar isə təbii seleksiya yolu ilə kənarda qalmalıdır. Belə yanaşma həm dilin zənginləşməsinə şərait yaradır, həm də onun təbii inkişaf ritminin qorunmasına xidmət edir.


Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR<font color=red></font>