Avtomon nəqliyat: "Kiçik bir səhv böyük qəzalara səbəb ola bilər"

Avtomon nəqliyat: "Kiçik bir səhv böyük qəzalara səbəb ola bilər" Gündəm

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, avtonom avtomobilin avtomatlaşdırılmış idarəetmə sisteminə nəzarət edən şəxsdən sürücülük vəsiqəsi tələb olunmayacaq.

Bəs bu dəyişiklik nə dərəcədə təhlükəsizdir və sürücüsüz nəqliyyat vasitələrinin tətbiqi ölkədə yol hərəkətinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtonom nəqliyyat vasitələrinin idarə olunması güclü proqram təminatı və inkişaf etmiş texnoloji infrastruktur tələb edir:

"Belə sistemlərin tətbiqi məntiqli yanaşmadır və bir mərkəzdən bir neçə nəqliyyat vasitəsinin idarə olunmasına imkan yarada bilər. Bu yanaşmanın bir sıra üstünlükləri var. Sahibkar və ya idarəetmə mərkəzi eyni vaxtda bir neçə nəqliyyat vasitəsinə nəzarət edə bilər. Bu da nəqliyyatın rentabelliyinin artırılmasına müsbət təsir göstərəcək. Artıq nəqliyyat vasitələrinin idarə olunmasında ağıllı sistemlər və süni intellekt texnologiyaları mühüm rol oynayacaq".

Ekspert qeyd edib ki, məsələnin digər tərəfi də var:

"Proqram təminatında ediləcək kiçik bir səhv və ya alqoritmlərdəki yanlışlıq ciddi nəticələrə, hətta böyük qəzalara səbəb ola bilər. Bu səbəbdən belə sistemlərin hazırlanması və tətbiqi zamanı maksimum diqqət və təhlükəsizlik tədbirləri tələb olunur. Eyni zamanda, avtonom nəqliyyat vasitələrinin effektiv fəaliyyəti üçün yol hərəkətinin də müəyyən ritm üzrə təşkilinə ehtiyac yaranacaq. Məsələn, nəqliyyat vasitələrinin işıqforlar arasında "yaşıl dalğa" prinsipi ilə hərəkəti sistemin daha səmərəli işləməsinə imkan verə bilər".

Ekspert qeyd edib ki, proqram təminatı bütün məlumatları mərkəzləşdirilmiş baza üzərindən qəbul etdikdə nəqliyyat axınının daha optimal idarə olunması mümkün olacaq. Bunun üçün isə yüksək sürətli və fasiləsiz internet təminatı vacib şərtlərdən biridir. Əks halda, rabitədə yaranan problem avtonom nəqliyyat vasitələrinin fəaliyyətində ciddi çətinliklər yarada bilər.