Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək Gündəm

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək.
 
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5000 manata endirilib.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcək.