Azərbaycan FHN Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb edilə bilər

Azərbaycan FHN Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb edilə bilər Gündəm

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovkik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.

Nazir Kəmaləddin Heydərov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Gürcüstanlı nazir Gela Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.