“Azərbaycanda maddi vəziyyət hətta milyarderi də qane etmir”
Gündəm
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az-a müsahibə verib.
News24.az müsahibədən bəzi hissələri təqdim edir:
- Mirmahmud bəy, “Ramiz Mehdiyev işi” ilə bağlı qənaətiniz nələrdir?
- Bu məsələ həm ciddi, həm də qeyri-ciddi məsələdir. Ciddidir, çünki ortada ağır ittihamlar var. Bu adamın gördüyü fəaliyyətlər mövcuddur. Vaxtilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri seçiləndə parlamentdə demişəm ki, maraqlıdır, ölkənin ən böyük korrupsioneri Korrupsiyaya qarşı mübarizə Komissiyasına sədr seçilir. Bu mənim sözümdür. Ancaq bu məsələyə qoşulmaq olmaz. Çünki bu, hakimiyyətin sırf daxili işidir. Qoşulmaq olar, istənilən məsələdə, istənilən mövzuda danışmaq olar. Amma adamın bir az da danışmağa haqqı olmalıdır. Hakimiyyətin özünün Ramiz Mehdiyevlə, onun dəstəsi ilə, onun bütün şəcərəsinin, qohum-əqrəbasının, sülaləsinin gördüyü işlərlə bağlı bildikləri bizim bildiklərimizdən qat-qat çoxdur. Biz onun ancaq görünən tərəfini bilirik, görünməyən tərəflərini isə onlar bilirlər.
- Bildiyim qədərilə pensiya yaşındasınız. Aldığınız pensiya sizi qane edirmi?
- Azərbaycanda maddi vəziyyət hətta milyarderi də qane etmir. O da daha çox qazanmaq istəyir. Dünən milyonçu idi, bu gün milyarderdir. Bu, onu qane etmir. Məncə, istənilən halda, ailə büdcəsi insanları qane etməsə belə, onu idarə edə bilir, uyğunlaşdırır, nəzərə alırlar. Bunlar olur. Mən narazı deyiləm. Artıq iki nəfərik. Dolanışığımız iki nəfər üçün kifayətdir.
Uşaqların anası da təqaüddədir, mən də. Amma cəmiyyəti dolanışığı qane etmir. Cəmiyyətin vəziyyəti yaxşı deyil. Gündəlik bahalaşma var. Dünənki qiymətlərlə bugünkü qiymətlər uyğun deyil, fərqlidir. Əhalinin istehlak zənbili onu qane etmir. Digər problemlər var.
Milyarderlərdən, milyonerlərdən başladım ki, onları qane etmirsə, sıravi vətəndaşı heç qane etmir. Mən o sıravi vətəndaşlardan biriyəm, amma narazı deyiləm. Amma əhalinin vəziyyətindən çox narazıyam.
- Sizin bir UAZ markalı avtomobiliniz vardı. O hələ də qalırmı?
- Niyə qalmır ki, qərargahın qabağındadır.
- Yenə də, partiyanın qərargahına Sumqayıtdan gəlib-gedirsiniz?
- Mən Saray qəsəbəsində qalıram. Oradan da gəlib-gedirəm.
- Niyə Bakıya köçmürsünüz?
- Bakıya köçmək üçün ən azı adamın burda evi olmalıdır. Ev alsanız, köçərəm...