Badamdar Laçın məktəbi qanunsuz və yolsuz tikilidədir - Məhkəmə qərarı - FOTO+VİDEO
Gündəm
"İllərdir mülkiyyət və yaşayış hüquqlarım uğrunda təkbaşına apardığım mübarizənin məntiqi nəticəsinə çatmışam. Səbail Rayon Məhkəməsinin 21.05.2026-cı il tarixli, № e-2(009)-935/2025 saylı qərarı, Piyalə Xudayarovanın rəhbərlik etdiyi qurumun nəinki mülkiyyət sənədlərinin olmadığını, hətta məhkəmədə iddia qaldırmaq üçün belə heç bir hüquqi əsasının olmadığını rəsmən təsbit etdi. Məhkəmənin araşdırması fundamental bir faktı üzə çıxardı: məktəbin sözügedən əraziyə və yeganə giriş yoluna münasibətdə heç bir "subyektiv hüququ" yoxdur".
News24.az xəbər verir ki, bu fikirlər Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan Zəminə Zahirovanın Kontekst.az -a ünvanlandığı məktubda əksini tapıb.

Şikayətçi bildirib ki, məktəb direktoru Piyalə Xudayarova özbaşınalığını pərdələmək məqsədilə Şərqi Regional Təhsil İdarəsinin inzibati resurslarını məhkəməyə cəlb etsə və cavabdeh qismində qarşı iddia ilə çıxış etməyə çalışsa da, ədalət məhkəməsi bu iddiaları rədd edib:

"Məhkəmənin məktəbin iddia qaldırmaq hüququnu tanımaması, bu qurumun hüquqi şəxs kimi fəaliyyətinin əsasları ilə bağlı ciddi hüquqi suallar doğurur. İdarənin dəstəyinə və bütün inzibati imkanlara baxmayaraq, məktəb rəhbərliyi qanun qarşısında tam iflasa uğradı. Bu qərar təkcə bir mübahisənin sonu deyil, həm də ölkəmizdə vətəndaş cəmiyyətinin və hüquqi dövlətçilik prinsiplərinin təntənəsidir. Hamı bu bərabərsiz mübarizədə mənim geri çəkiləcəyimi, ağır yükün altında məğlub olacağımı düşündü. "Bu işin sonu yoxdur", "gücümüz çatmaz" deyənlərə baxmayaraq, mən qanuna olan sarsılmaz inamımla irəlilədim. Mənim bu qələbəm — ən güclü inzibati resursların belə prinsipial və haqlı bir vətəndaşın qətiyyəti qarşısında necə geri çəkilməyə məcbur olduğunun göstəricisidir. Lakin məsələnin digər, daha təhlükəli tərəfi var: məktəbin hazırkı vəziyyəti düşündürücü olduğu qədər də təhlükəlidir. Otaqlar dağın üstündə, sal qayanın kənarında yerləşir və ən kritik məqam odur ki, məhkəmə qərarı ilə məktəbin yeganə giriş yolu tamamilə bağlanıb. Şagirdlərin təhlükəsizliyini ciddi təhlükə altına qoyan bu vəziyyətdə, Fövqəladə Hallar Nazirliyinin tələb etdiyi yanğın və tikinti normalarına necə riayət olunur? Texniki pasportu və istismar sənədləri olmayan bu binada fövqəladə hal baş verəcəyi təqdirdə, kim məsuliyyət daşıyacaq?"

Z.Zahirova qeyd edib ki, şagirdlərin həyatı və sağlamlığı təhlükə altında ikən, qanunsuz binada təhsilin davam etdirilməsi dövlətin təhlükəsizlik siyasətinə ziddir:
"Aydındır ki, hüquqi əsası olmayan bir məkanda dövlət yanğın təhlükəsizliyi qaydalarının icrası qeyri-mümkündür. Bu isə binanı dövlət nəzarətindən kənar "təhlükəli zona"ya çevirir. Şərqi Regional Təhsil İdarəsi və şəxsən Fuad Bədəlov hansı əsasla, məhkəmənin "hüquqi statusu yoxdur" dediyi və yeganə yolu kəsilmiş bu binaya dövlət büdcəsindən maliyyə axıdır? Vergi ödəyicilərinin vəsaitləri hansı məqsədlə qanunsuz bir obyektdə xərclənir? İctimaiyyəti narahat edən digər məqam məhkəmə prosesinin qeyri-adi dərəcədə uzadılmasıdır. Sənədlərin olmadığı əvvəldən bəlli ikən, prosesin bir ildən artıq müddətdə uzanması ciddi şübhələr doğurur. Eyni zamanda, məktəbin direktoru Piyalə Xudayarovanın və Şərqi Regional Təhsil İdarəsinin məsul şəxslərinin (o cümlədən Fuad Bədəlovun) bütün məhkəmə faktlarına rəğmən, bu binanın fəaliyyətində israr etmələri hansı məntiqə izah olunur? Hüquqi statusu olmayan, yeganə girişi bağıanan bir məkanda 30-40 şagirdin təhsil almasını davam etdirmək nə dərəcədə məqsədəuyğundur? Şagirdlərin daha təhlükəsiz və sənədli bir müəssisəyə köçürülməsi zərurəti ilə bağlı aidiyyəti qurumların mövqeyi nədir? Yuxarıda qeyd olunan hüquqi reallıqlar fonunda, aidiyyəti qurumların — Təhsil Nazirliyinin və Şərqi Regional Təhsil İdarəsinin mövcud vəziyyətlə bağlı şəffaf və ətraflı izahat verməsini vacib hesab edirəm".
Z.Zahirova məktubunda daha sonra qeyd edir ki, məhkəmənin qərarı ilə hüquqi statusu təsdiqlənməyən bir məkanda tədris prosesinin davam etdirilməsi, şagirdlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır:
"İnanıram ki, dövlət qurumları qanunun aliliyini və vətəndaşların, xüsusən də uşaqların təhlükəsizliyini prioritet hesab edərək, məsələyə dərhal hüquqi qiymət verəcək və zəruri tədbirlər görəcəklər. Mən dövlət başçımızın yürütdüyü şəffaflıq və ədalət siyasətinə güvənərək, bürokratik özbaşınalıqlara qarşı mübarizəmi apellyasiya qaydasında davam etdirəcəyəm. Sadəcə, öz hüquqlarımın deyil, həm də haqqın, ədalətin və dövlətçilik maraqlarının müdafiəçisiyəm. İctimai nəzarət çərçivəsində, aidiyyəti qurumlardan — Təhsil Nazirliyi və Şərqi Regional Təhsil İdarəsindən — hüquqi statusu təsdiqlənməyən bir məkanda tədris prosesinin davam etdirilməsi ilə bağlı şəffaf izahat tələb edirəm. Sonda, Təhsil Nazirliyinin bu qanunsuzluğa son qoymağa və məktəb binasının hüquqi statusunu təcili araşdırmağa dəvət edirəm. Bizim üçün uşaqlarımızın təhlükəsizliyindən daha dəyərli heç bir maraq yoxdur Şagirdlərin həyatı heç kimin siyasi və ya inzibati ambisiyalarının qurbanı olmamalıdır".
