"Bakı və İrəvan möhkəm sülhə doğru addımlar atıblar" - ABŞ-nin müvəqqəti işlər vəkili
Gündəm
Ağ Evdə keçirilən tarixi sülh sammitindən sonrakı bir il ərzində Azərbaycan və Ermənistan möhkəm sülhün əldə edilməsinə dəyişməz bağlılıq nümayiş etdirib və bu istiqamətdə konkret addımlar atıblar.
News24.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin ildönümü münasibətilə yayımladığı videomüraciətdə bildirib.
Diplomat xatırladıb ki, bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etmişdi. O qeyd edib ki, sammitdə liderlərin iştirakı ilə otuz ildən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında davamlı sülhün əsasını qoyan saziş paraflanmışdır.
"8 avqustdan etibarən Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna dəyişməz sadiqlik nümayiş etdirdilər və möhkəm sülhə doğru qətiyyətli və konkret addımlar atdılar", - Karlon deyib.
O qeyd edib ki, ötən il ərzində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında müntəzəm əlaqələr və fikir mübadiləsi başlayıb, həmçinin sərhədyanı ticarətin ilk əlamətləri, o cümlədən Ermənistanın Azərbaycan yanacağını müntəzəm olaraq alması müşahidə olunub.
Karlon həmçinin TRIPP layihəsini (Tramp Marşrutu) xüsusi vurğulayaraq, onu 8 avqust sazişinin əsas elementlərindən biri adlandırıb.
"Bu marşrut Azərbaycana Naxçıvana maneəsiz çıxışı təmin edəcək və Şərq-Qərb üzrə nəqliyyat əlaqəliliyinin inteqrasiyasına və inkişafına töhfə verəcək, Azərbaycan və bütün bölgə üçün qarşılıqlı iqtisadi faydaları və firavanlığı təmin edəcək", - o bildirib.
Diplomatın sözlərinə görə, TRIPP layihəsi son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib və qarşıdakı ildə bu proses daha da sürətlənəcək.
ABŞ-Azərbaycan münasibətlərinə toxunan Karlon qeyd edib ki, avqustun 8-də Tramp və Əliyev ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmağa yönəlmiş anlaşma memorandumu da imzalayıblar.
"Bu, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasına yol açdı", - o deyib.
Karlon vurğulayıb ki, Xartiyanın imzalanmasından sonra ABŞ və Azərbaycan onun həyata keçirilməsinə başlayıb, son dövrdə isə yüksək vəzifəli dövlət məmurlarının və özəl sektor nümayəndələrinin qarşılıqlı səfərləri əhəmiyyətli dərəcədə intensivləşib.
O həmçinin bildirib ki, iyun ayında tərəflər kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalayıb, ABŞ və Azərbaycan arasında ilk iqtisadi dialoq keçirilib, ABŞ şirkətləri isə milyardlarla dollarlıq kommersiya və investisiya sazişləri bağlayıb.
"Bu, yalnız başlanğıcdır. Qarşıda hələ çox iş var. Prezident Tramp ABŞ-nin Cənubi Qafqaz regionunda sülhə və firavanlığa sadiqliyini açıq şəkildə ifadə edib, son bir ildə əldə edilmiş tərəqqi isə birgə işlədiyimiz zaman nəyə nail olmağın mümkün olduğunu göstərir. Əminəm ki, sonrakı illərdə ölkələrimiz daha bir çox mühüm nəticələrə nail olacaqlar", - diplomat əlavə edib.