Bakı Metropoliteninə 300 yeni vaqon gətiriləcək

Bakı Metropoliteninə 300 yeni vaqon gətiriləcək Gündəm

"Qəbul olunmuş dövlət proqramına əsasən, Bakı Metropoliteninə 300 ədəd yeni nəsil vaqonun gətirilməsi nəzərdə tutulur."

News24.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gətiriləcək vaqonların hamısı kondisioner sistemi ilə təchiz olunacaq.

"Bu vaqonların alınması ilk növbədə yeni inşa olunan stansiyalarla bağlı yaranan tələbatın ödənilməsi, ikinci növbədə isə istismar müddətini başa vurmuş vaqonların yenilənməsi məqsədi daşıyır.

2030-cu ilə qədər 'köhnə nəsil' adlandırdığımız üçüncü nəsil qatarlara xətlərimizdə nadir hallarda rast gəlinəcək. Bu prosesə 2028-ci ildən etibarən intensiv şəkildə başlanılacaq. 2028–2030-cu illər ərzində isə müəyyən ediləcək istehsalçı şirkət tərəfindən həmin vaqonların Bakıya təhvil verilməsi təmin olunacaq".