Bakıda WUF13 başlayır

Bakıda WUF13 başlayır Gündəm

Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) başlayır.

News24.az xəbər verir ki, qlobal əhəmiyyətli bu tədbir 17⁠–⁠22 may 2026‑cı il tarixlərində baş tutacaq.

BMT‑nin Məskunlaşma Proqramının (UN‑Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən 3‑cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) 2026‑cı ildə Bakı şəhərində keçiriləcəyinə dair qərar rəsmən elan edilib.

Ümumdünya Şəhərsalma Forumu bütün dünyada dayanıqlı şəhərsalma üzrə yüksək səviyyəli konfransdır.

Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001‑ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib.

Forum öz fəaliyyətinə 2002‑ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.

BMT‑nin Məskunlaşma Proqramı (UN‑Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır.

WUF13 əsas diqqəti qlobal mənzil böhranına yönəldərək layiqli mənzil təminatını insan hüquqlarının, eləcə də təhlükəsiz, davamlı və inklüziv şəhərlərin təməli kimi təqdim edir.

2025-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində qlobal mənzil böhranından çıxış yolları, qeyri-rəsmi yaşayış məskənlərinin transformasiya imkanları, mənzil və iqlim dəyişiklikləri arasındakı əlaqə, mənzil təminatının sosial və iqtisadi aspektləri, eləcə də böhranlardan sonra bərpa və yenidənqurma proseslərində mənzil təminatının rolu təhlil ediləcək.

WUF13 hökumətləri, yerli idarəetmə orqanlarını, vətəndaş cəmiyyətini, akademik dairələri, peşəkar birlikləri və özəl sektoru bir araya gətirərək qabaqcıl təcrübə və bilik mübadiləsinə şərait yaradacaq.

WUF13-ün məqsədi yüksək səviyyəli görüşlər, dialoqlar və tərəfdaş tədbirləri vasitəsilə dayanıqlı şəhərsalma və DİM11-in uğurla tətbiqi istiqamətində birgə fəaliyyəti sürətləndirməkdir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ilk günündə bayraq qaldırma mərasimi olacaq, eyni zamanda, WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq.

Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.

Azərbaycanın Sədrliyi altında 17 may tarixində keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər.

WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq, bu müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə xüsusi diqqət yetiriləcək.

Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini verəcək.

İştirakçılar mənzil təminatının üç əsas istiqamət – sosial inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar, eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri, habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri nəzərdən keçirəcəklər.

Tədbir Azərbaycan Respublikasının Hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və prioritet istiqamətlərini əks etdirən bəyanatlar səsləndiriləcək.

Günün ikinci yarısında üç tematik panel keçiriləcək. Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq.

Əsas tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə hesabatverməproseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.

WUF13 tədbirinə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Azərbaycan Hökuməti və digər maraqlı tərəflərin əməkdaşlığı çərçivəsində təşkil olunan açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi daxildir.

Bununla yanaşı, WUF13 çərçivəsində “DİM-lər fəaliyyətdə”, “Vahid BMT”, “Şəhərlərin səsi”, “Şəbəkələşmə tədbirləri”, “WUF Akademiyası”, “Şəhər kitabxanası” və “Şəhər kinoteatrı” kateqoriyaları üzrə tərəfdaş tədbirləri keçiriləcək, “Urban Expo” sərgilərində iştirak üçün imkan yaradılacaq.

Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?

• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası

• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı

• İqlim və mənzil siyasəti arasındakı əlaqə

• Mənzil təminatının sosial və iqtisadi təsiri

• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

Buraya mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində, WUF13 ev sahibi ölkənin xüsusi sessiyası, sağlam evlərin nəbzi, Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya), şəhərlər oyun məkanı kimi, mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış, tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru, “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı, kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm və WUF13 xüsusi yekun sessiyası daxildir.

Assambleyalar: kollektiv səslərin gücü

Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcək.

Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid

Forumda həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir: Vahid BMT, yerli və regional hökumətlər, biznes təşkilatları, qadınlar, əlilliyi olan şəxslər, parlament nümayəndələri, akademik dairələr, uşaqlar və gənclər, peşəkarlar, yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları, yerli xalqların hüquqları və yaşlı şəxslərin hüquqları.