Banklar belə kreditləri verməkdən imtina edir - SƏBƏBLƏR
Gündəm
"Biznes kreditlərində neqativ hallar, kreditin geri ödənməsi ilə bağlı problemlər kifayət qədər çox olduğu üçün banklar biznes kreditlərinin deyil, istehlak kreditinin verilməsində maraqlıdır. Əlbəttə, sahibkarlara biznes kreditləri də verilir, lakin müəyyən prosedurlar gərəyi bir çox hallarda banklar bundan imtina edir".
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib. O, bildirib ki, bir sıra səbəblərdən banklar biznes kreditlərinin verilməsi ilə bağlı şərtləri sərtləşdirib:
"Digər ölkələrin təcrübəsində bu nüans bir qədər fərqlidir. Belə ki, biznes kreditləri aşağı faizli olduğu üçün, eyni zamanda ölkə iqtisadiyyatının canlanması və özəl sektorun inkişafı, sahibkarlığa dəstək məqsədi ilə asanlıqla biznes krediti almaq mümkündür.
Bizdə isə bilərəkdən özünü iflas etmə və ya verilən kreditin təyinatı üzrə istifadə edilməməsi bir növ qaydaları sərtləşdirdi. Əslində səhm bazarı inkişaf etsə özəl sektorla paralel iş görülsə şirkətlər istiqraz və ya hissəsini satışa çıxara bilər. Şirkətin qazancından hissədarlara pay bölgüsü olar. Nə sahibkar çətinliyə məruz qalar, nə də ki, məbləğin faizini ödəyər. Vətəndaş üçün daha uyğun olar”.
Ekspert qeyd edib ki, ümumdaxili məhsulun artımı üçün biznes kreditlərinə təşviq müsbət addım olar:
“Bildiyimiz kimi vətəndaşlar arasında bank sektoruna inamsızlıq artıq pik həddə gəlib. Kartlardan oğurluq halları, kibertəhlükəsizliyin zəifliyi buna bariz nümunədir. Onun üçün də vətəndaş kartda saxlamır. Oğurluq və s. mənfi hallar baxımdan yastıq altı saxlamaq da risklidir, həmçinin inflyasiyaya qarşı dəyər itirir. İqtisadiyyatın canlanması, likvidlilik probleminin aradan qaldırılması və digər iqtisadi baxımdan bu təklifi səmərəli qəbul edirəm.
Bank tətbiqindən müəyyən komisyon qarşılığı hissə sənədini vətəndaş ala bilsin. Əgər riski durumu və ya mənfi hal olarsa nizamnamə kapitalından və ya sığortadan hissədarlara ödəniş edilə bilər. Ümumdaxili məhsulun artımı üçün biznes kreditlərinə təşviq müsbət addım olar. Lakin ilk öncə illik inflyasiya, pulun dövr etmə sürətini nəzərdən keçirmək lazımdır. Əks təqdirdə istehsalın artması bazarda təklifi artırar bu da istehsal olunan məhsulun real dəyərindən aşağı satılmasına gətirib çıxarır, bu da sahibkarın zərərlə işləməsidir və ya alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarı çətin vəziyyətə salır. Onun üçün də istənilən fəaliyyətlə məşğul olan şəxsin VÖEN-lə fəaliyyəti, yetəri qədər nizamnamə kapitalının olub səhm bazarına yönəlməsi daha məqsədəuyğundur".