"Bəd xəbərləri yaymağa tələsməyin" – Mətbuat Şurası sədrindən ÇAĞIRIŞ

"Bəd xəbərləri yaymağa tələsməyin" – Mətbuat Şurası sədrindən ÇAĞIRIŞ Gündəm

Son dövrlər sosial şəbəkə platformalarında və xəbər saytlarında neqativ məzmunlu xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Ölüm, kriminal hadisələr və mənfi xəbərlərin üstünlük təşkil etməsi insanların psixoloji durumuna da təsir göstərir. Aparılan müşahidələr göstərir ki, yerli xəbər saytlarında dərc olunan materialların böyük hissəsi kriminal xarakterli xəbərlərdən ibarətdir. Bu xəbərlərin çoxu qətl, yol-nəqliyyat hadisələri, zorakılıq, oğurluq və ailədaxili münaqişələrlə bağlıdır.

Çox sayda mənfi xəbərin mediada yer alması bu cür hadisələrin artmasına təsir göstərə bilərmi?

Mövzu ilə bağlı News24.az-a fikirlərini bildirən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, son zamanlar neqativ xəbərlər, ölüm və kriminal hadisələrin geniş yayılması diqqət çəkir:

"Bunun bəlkə də müəyyən tarixi kökləri var. Qədimdən insanlar xoş hadisələrdən daha çox bədbəxtlikləri bir-birinə çatdırmağa meyilli olublar. Ola bilsin ki, bu, insan təbiətindən gəlir. Ancaq biz Mətbuat Şurası olaraq bu mövzuda dəfələrlə mövqeyimizi ifadə etmişik və sosial media fəallarına, jurnalistlərə çağırış etmişik ki, mənfi xəbərləri yaymağa tələsməsinlər".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid

"Bugünkü mürəkkəb və gərgin dünyada Azərbaycan stabillik adasıdır. Ölkə daxilində baş verən hadisələri şişirdərək yaymaq cəmiyyətdə narahatlıq və mənfi emosiyalar yarada bilər və jurnalist etikasına ziddir. Bütün həmkarlarımızı və sosial media fəallarını nikbin düşünməyə, müsbət və maarifləndirici xəbərləri daha çox paylaşmağa çağırıram. Bəd xəbərlərlə diqqət çəkmək qısa müddət üçün maraq yarada bilər, amma obyektiv və dərin araşdırmalar həmişə üstünlük qazanır", - deyə Rəşad Məcid əlavə edib.