“Birmarket” anbarının fəaliyyətində fasilə – Çatdırılmalarda gecikmə gözlənilir

“Birmarket” anbarının fəaliyyətində fasilə – Çatdırılmalarda gecikmə gözlənilir Gündəm

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində "Birmarket"ə məxsus anbara da zərər dəyib.

Bu barədə News24.az -a "Birmarket"dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar olaraq "Birmarket" məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

"Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər".

Qeyd edilib ki, hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir:

"Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik".