Azərbaycanla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilir
Gündəm
Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilir.
News24.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, iki ölkə arasında 30 ildən artıq əməkdaşlıq tarixi mövcuddur. Onun sözlərinə görə, əvvəlcə enerji sahəsində qurulan əməkdaşlıq sonradan müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və xalqlararası əlaqələri də əhatə edib.
D. Normanın sözlərinə görə, Azərbaycan Böyük Britaniya üçün mühüm regional tərəfdaşdır:
“Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar.”