Böyük Qələbənin 5-ci ili: Azərbaycan Zəfər Gününü qeyd edir

Böyük Qələbənin 5-ci ili: Azərbaycan Zəfər Gününü qeyd edir Gündəm

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur. 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən beş il ötür.

News24.az xatırladır ki, Zəfər Günü 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib.

Xatırladaq ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başlayıb.

44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.