“Bu, Azərbaycana qarşı təhlükədir, xarici qüvvələrin təşkil etdiyi kampaniyadır” - Hacı İsmayılov

“Bu, Azərbaycana qarşı təhlükədir, xarici qüvvələrin təşkil etdiyi kampaniyadır” - Hacı İsmayılov Gündəm

Ötən gün ölkənin bir sıra ərazilərində valideynlər və bir qrup şəxslər təhsil müəssisələrinin qarşısına yığışaraq aksiya adı altında dövlətin (məktəb), eləcə də, vəzifəli şəxslərin əmlaklarına (direktorların avtomobilləri) zərər vurdular. Təəssüf ki, “hüququmuzu müdafiə edirik”, adıyla öz övladlarının və digər şagirdlərin təhsil alma hüququnu tapdaladılar, dərsin gedişatına maneə oldular, direktorları və məktəbin müəllimlərini təhqir etdilər, uşaqları öz çirkin əməllərinə alət edərək, ağlatdılar, məktəbə və müəllimə olan hörməti heçə saydılar.

News24.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanda məktəbli forması ilə, hicabla bağlı olan söz-söhbətlərin bu qədər yayılması heç ürəkaçan deyil:

“Əvvəla, onu qeyd edim ki, Azərbaycan dünyəvi, müstəqil, demokratik dövlətdir. Bu dövlətin öz qayda-qanunları, millətin öz mənəvi-əxlaqi dəyərləri var və eyni zamanda adət-ənənələri var.

Bu məsələnin ortaya çıxmasına səbəb Azərbaycanın inkişafını gözü götürməyən, onun demokratikləşməsini, dünyəvi bir ölkə olmasını istəməyən, buna qısqanc yanaşan, hətta “44” günlük müharibədə qazandığımız qələbəni heç cür həzm etməyən xaricdə olan bəzi qüvvələr, bəzi təşkilatlar Azərbaycanda iğtişaş salmaq üçün hicab məsələsini ortaya atıblar. Bunun heç bir əsası yoxdur. Məktəblilər məktəbə vahid formada təhsil almağa getməlidirlər.

Hicab məsələsi böyüklərə yox, qız uşaqlarına aiddir. Həmin uşaqlar müəyyən səbəblərdən dolayı saçlarını örtüblər. Əvvəla, şagird məktəbə təhsil almağa, elm öyrənməyə, tərbiyə almağa gəlir. Başıörtülü, hicabla dərsə gəlməyi heç cür qəbul etmək olmaz. Azərbaycan xalqı heç vaxt hicab taxmayıb. Bizdə başıbağlı, çadralı qadınlar olublar. Ancaq həmin qadınlar da keçən əsrin ortalarında həmin çadranı atıblar. Çadra nəyə lazım idi o vaxt? O qadınlar çadranın altına qapanıb gedib evin bir küncündə qorxusundan otururdu. Nə ictimaiyyətə çıxırdı, nə cəmiyyətdən xəbər tuturdu, nə təhsil alırdı, nə də inkişaf edirdi. Ona görə Mirzə Ələkbər Sabir yaxşı deyirdi ki, “Tacirlərimiz Sonyalara bənd olacaqmış, bu zavallı tükəzbanları neylərdin, ilahi?”. o dövr artıq keçib, artıq Azərbaycan  dünya ölkələri ilə bir səviyyədədir. Bizə indi yaraşmaz ki, keçmişə qayıdaq, qaranlığa düşək. Biz irəli getməliyik, biz inkişaf eləməliyik.

Azərbaycan çox tolerant bir ölkədir. Azərbaycanda İslam, Xristian və başqa dinlərə mənsub insanlar yaşayırlar. Burada heç vaxt dini təriqət, dini münaqişələr baş verməyib.

Bu məsələ çoxlarının xoşuna gəlmir ki, niyə Azərbaycanda başqa dinlərə belə hörmət, diqqət var, qayğı var.

Əlbəttə, bizim dinimiz İslam dinidir. Belə bir söz var, deyir: “İnsan Allahsız, cəmiyyət də dinsiz yaşaya bilməz”. Dini olmayan ölkələr heç vaxt yaşamayıb. İnsanın qəlbində Allaha sevgi olmalıdır, məhəbbət olmalıdır. Qadınlar, qızlar ziyarətgahlara gedəndə başlarını yaylıqla örtürlər. Bu, belə də olmalıdır.

Müqəddəs “Qurani-Kərim”də qız uşaqlarının məktəbə hicabla getməsi qeyd olunmayıb. Belə bir şey yoxdur, olmayıb və ola da bilməz”.

H.İsmayılov qeyd edib ki, insanlar içərisində iğtişaş salmaq yaxın qonşularımızın müəyyən təşkilatları ilə törədildi:

“Dövlətimiz sağ olsun ki, bu məsələyə ciddi yanaşır. Bu, Azərbaycana qarşı böyük bir təhlükədir. Bu, bizim yaxın qonşularımızın müəyyən təşkilatlarından gələn bir şeydir. Bunları ninformasiya aləmində, saytlarda yaymaqdan ötrü, hətta süni intellektdən istifadə eləyərək başıaçıq müəllimlərin və şagirdlərin də başlarına hicab örtüblər. Bu, qəbul edilməzdir.

Yenə vurğulayıram, din azaddır. Kim istəyirsə, saçlarını örtərək məscidə gedər, müqəddəs yerləri ziyarət edər, Allaha dualar oxuya bilər.

Heç kim demir ki, erməni tapdağından azad olunmuş torpaqlarda Azərbaycan dövləti 12 məscidi təmir-bərpa eləyib. Bu, Azərbaycan xalqı üçündür. Onların həmin məscidlərə gedib namaz qılmaları, dualar etmələri üçünür.

Hər bir insanın qəlbində Allah sevgisi var. Lakin bunu orta məktəblərə, təhsil ocaqlarına sirayət etdirmək, xalqı bir-birinə qarşı qoymaq, qarşıdurma, münaqişə yaratmaq olmaz.

Ziyalı, sənət adamları hamımız bir yerdə dövlətimizin, hökumətimizin yanındayıq. Məktəbli məktəbə məktəb formasında getməlidir. Evinə gələndən sonra istəsə, namaz da qıla bilər, Allaha dua da eləyər. Heç kim bunu onun əlindən almır. Mən inanıram ki, bu məsələ bir kampaniyadır. Azərbaycan xalqı arasında münaqişələr yaratmaq, ayrı-seçkilik salmaq üçündür.

Məktəbli forması hamı üçün vahid bir geyimdir. Dövlətimiz bu geyimin vahidliyinin qorunmasını bunu təbliğ edir. Əgər insanları özbaşına buraxsaq, biri hicabda, biri bahalı kostyumda gələcək. Kasıb olanlar əyinlərinə nimdaş geyinib, sinfin bir tərəfinə sıxılacaq ki, niyə filankəs dəbdəbəli geyinir, mən yox?! Bu məsələ gələcəkdə sosial problemlərə də səbəb ola bilər.

Ona görə məktəbə gələn şagird birinci, məktəb formasında gəlməl, orada təhsil, tərbiyə, elm almalıdır və gələcəkdə Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatına aktiv olaraq qoşulmalıdır.

Mən inanıram ki, bu baş verən hadisə tez bir zamanda yatırılacaq, yaddan çıxacaq. Bu müvəqqətidir. Azərbaycana çox qısqanc yanaşan qüvvələr var. Onlar bunu müəyyən qüvvələr vasitəsilə təşkil ediblər.

Çox təəssüf ki, bizim öz aramızda olan insanlar da onların sözlərinə, fikirlərinə qoşulublar.

Dövlət var, qayda var, Azərbaycan var. Biz Azərbaycan xalqıyıq. Bizdə dövlətimiz dinə xüsusi hörmətlə, diqqətlə yanaşıb və yanaşacaq.

Biz İslam dinini qəbul eləmişik, azərbaycanlıyıq və həmişə dövlətimizin, xalqımızın yanında olacağıq”. (Lent.az)