Bu gün muzey və qoruqlara giriş pulsuz olacaq

Bu gün muzey və qoruqlara giriş pulsuz olacaq Gündəm

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycanda bir sıra muzey və tarix-mədəniyyət qoruqlarında “açıq qapı” aksiyası təşkil olunacaq.

News24.az xəbər verir ki, bununla bağlı məlumatı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yayıb.

Bildirilib ki, aksiya Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeyləri əhatə edəcək. Həmin gün ziyarətçilər bu məkanlara ödənişsiz daxil ola biləcəklər.

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünyada tarixi irsin qorunmasına diqqəti artırmaq məqsədi ilə qeyd olunur. Bu münasibətlə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da mədəni irs nümunələrinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

“Açıq qapı” günü çərçivəsində vətəndaşlar və şəhər qonaqları tarixi abidələr, muzey eksponatları və digər mədəni irs nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Təşəbbüsün məqsədi həm bu məkanlara marağı artırmaq, həm də cəmiyyətdə mədəni irsin qorunmasına dair məlumatlılığı gücləndirməkdir.