Bu stansiyalarda 6 yeni ventilyator quraşdırılıb
Gündəm
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən xidmət keyfiyyətinin və sərnişin məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari ildə stansiya və tunellərdə daha 6 müasir tipli güclü ventilyator quraşdırılıb.
Yeni avadanlıqlar artıq “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında, həmçinin “Əhmədli-Həzi Aslanov”, “Koroğlu-Qara Qarayev”, “Qara Qarayev-Neftçilər”, “Neftçilər-Xalqlar dostluğu” və “Xalqlar dostluğu-Əhmədli” yol mənzillərində istismar olunur.
News24.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin Elektromexanika xidmətinin rəis müavini Firudin Cahangirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla da yeni quraşdırılmış ventilyatorların sayı 113-ə, metropolitendəki ventilyatorların ümumi sayı isə 123-ə çatdırılıb:
"Hazırda istismara yararlı olsa da, dəyişdirilməsi zəruri olan 10 ventilyator mövcuddur. Həmin ventilyatorlardan 5-nin bu ilin sonunadək yenilənməsi nəzərdə tutulur".