“Bunu iddia edənlər falçıdırlar?” — Qurban Yetirmişlidən güclü zəlzələ iddialarına CAVAB

“Bunu iddia edənlər falçıdırlar?” — Qurban Yetirmişlidən güclü zəlzələ iddialarına CAVAB Gündəm

Xəzərdə baş verən iki ardıcıl zəlzələ cəmiyyət arasında təşviş yaradıb. Əhali arasında “daha güclüsü gəlir” iddiaları geniş yayılıb, bəziləri isə bunu böyük təhlükənin başlanğıcı kimi qiymətləndirir.

Bəs doğrudanmı vəziyyət qorxuludur?

News24.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ictimaiyyətdə dolaşan bu iddiaların reallığı əks etdirmədiyini və şayiə xarakteri daşıdığını bildirib.

“Bunlar əsassız fikirlərdir, sadəcə şayiələrdir. Bunu iddia edənlər falçıdırlar? Xəzərdə zəlzələlərin baş verməsi normal haldır. Ümumiyyətlə, həm dənizdə, həm də quruda zəlzələlər olur. Azərbaycanın müxtəlif bölgələrində də belə hallar müşahidə edilir. Bu, qeyri-adi bir vəziyyət deyil.

Xəzərdə baş verən zəlzələlər adətən daha dərin ocaqlarda yaranır və əksər hallarda hiss olunmur. Ona görə də ciddi narahatlığa əsas yoxdur. Hazırda güclü, dağıdıcı zəlzələ gözlənilmir. Sadəcə xırda təkanlar ola bilər ki, bu da təbii prosesdir. Əlbəttə, hər deyilənə inanmaq olmaz. İnsanlar sakit olmalı və belə məlumatlara ayıq yanaşmalıdır”.

O, qeyd edib ki, seysmik aktivlik artım trendində deyil:

“Hazırda xırda təkanlar müşahidə olunur. Elə bir bölgə yoxdur ki, orada güclü, dağıdıcı zəlzələ ehtimalı yüksək olsun. Ola bilər ki, 3-4 bal gücündə zəif zəlzələlər hiss edilsin, amma bunlar təhlükəli deyil, heç bir ciddi fəsad törətmir”. (yenisabah.az)