Çernobıl faciəsindən 40 il ötür

Çernobıl faciəsindən 40 il ötür Gündəm

Bu gün Çernobıl faciəsinin 40-cı ildönümüdür.

News24.az xəbər verir ki, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda baş vermiş partlayış insanlıq tarixinin ən ağır texnogen faciələrindən biri kimi yadda qalıb. Qəza nəticəsində yaranan güclü radioaktiv bulud qısa müddətdə Şərqi Avropanın geniş ərazilərinə yayılıb, külək istiqamətində hərəkət edərək torpaq, su və hava qatlarını zəhərli maddələrlə çirkləndirib. Bu hadisə yalnız bir ölkənin deyil, bütövlükdə regionun ekoloji və demoqrafik vəziyyətinə ciddi təsir göstərib.

Fəlakətin miqyası o qədər böyük olub ki, Ukrayna və Belarusda təxminən 300 min insan öz doğma evlərini tərk etmək məcburiyyətində qalıb. Çernobıl faciəsinin nəticələri çox zaman İkinci Dünya müharibəsi dövründə Xirosima və Naqasakiyə atılan atom bombalarının yaratdığı dağıdıcı təsirlərlə müqayisə edilir. Qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə Sovet İttifaqının müxtəlif respublikalarından yüz minlərlə insan cəlb olunub və bu proses ümumilikdə 650 min nəfərə yaxın iştirakçını əhatə edib.

Azərbaycan da bu faciənin nəticələrindən kənarda qalmayıb. Qəzadan zərər çəkən və ləğv prosesində iştirak edən azərbaycanlıların sayı təxminən 3900 nəfər olub. Onlardan 2100 nəfəri birbaşa qəzanın nəticələrinin aradan qaldırılması işlərində çalışıb. Təəssüf ki, illər ərzində radiasiyanın təsiri səbəbindən minlərlə iştirakçı sağlamlığını itirib və təxminən 4000 azərbaycanlı həyatını itirib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Çernobıl faciəsindən zərər çəkmiş şəxslərin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Həmin dövrdə onların statusunu müəyyən edən və sosial təminatlarını gücləndirən qanunvericilik aktı parlamentdə qəbul edilərək Ulu Öndər tərəfindən imzalandı. Bu addım Çernobıl iştirakçılarının hüquqlarının dövlət səviyyəsində tanınmasında mühüm mərhələ oldu.

Sonrakı illərdə də bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət göstərildi. Sosial qanunvericilikdə onlar üçün müxtəlif güzəştlər və imtiyazlar nəzərdə tutuldu. 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı “müharibə əlillərinə Prezident təqaüdünün təyin edilməsi haqqında” fərman Çernobıl əlillərinə də şamil olundu və bu, onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etdi. Bu dəstək tədbirləri onların həyat şəraitində müəyyən müsbət dəyişikliklərə səbəb oldu.

Çernobıl faciəsinin ağır izləri təkcə bir nəslin deyil, gələcək nəsillərin də həyatına təsir göstərib. Bir çox iştirakçıların övladlarında sağlamlıq problemləri müşahidə olunub, bəzi hallarda isə faciəvi nəticələr ortaya çıxıb. Bu gün də həmin ailələrin bir hissəsi keçmişin ağır yükünü müxtəlif formalarda yaşamaqda davam edir.

Dövlət tərəfindən həyata keçirilən sosial siyasət çərçivəsində Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında indiyədək 450 Çernobıl ailəsi mənzillə təmin olunub. Bu addımlar onların həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.