"Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
Gündəm
Vahid məktəbli geyim qaydalarına riayət olunması hərtərəfli düşünülmüş, zamanın tələblərinə uyğun və düzgün qərardır. Hətta hesab edirəm ki, bu qərar çoxdan qəbul edilməli idi.
Bu sözləri News24.az-a açıqlamasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif etnik qrupların, fərqli dini inanclara və milli-mədəni ənənələrə malik insanların birgə yaşadığı, multikultural dəyərlərlə zəngin ölkədir: “Burada hər kəsin öz düşüncə müxtəlifliyi, milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə o azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Çünki, məktəb dini, yaxud da milli məbəd deyil. Məktəb elm, təhsil və maarif ocağıdır, insanlara bilik və işıq bəxş edən müqəddəs məkandır”.
Şair bildirib ki, Azərbaycanda yaşayan hər bir insanın öz dini baxışları, inancları və milli ənənələri ola bilər. Lakin bu, o demək deyil ki, hər kəs öz dini baxışlarını, məzhəb və ya təriqətinə xas xüsusiyyətləri məktəb mühitinə gətirməlidir. Cəmiyyətdə mövcud olan geniş azadlıqlar təhsil müəssisələrinin daxilində müəyyən edilmiş qayda və prinsiplərə uyğun həyata keçirilməlidir: "Təsəvvür edək ki, ölkəmizdə "çinqaçukqlar" da yaşayır. Onlar bəyəm məktəbə dəbilqədə, hay-huyla, əlində nizə, əncir yarpağına örtülüb gəlməlidirlər? Əlbəttə, bunu müqayisə üçün deyirəm. Məktəb elm, təhsil, ziya və işıq məbədidir. Məktəbin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və anlayışla qarşılamalıdır. Bu istər şagird, istər müəllim, istərsə də məktəbə ayaq basan hər kəsə aid olmalıdır”.