"Çobanı təhdid sayanlara ayıb olsun" - Mirzoyan

"Çobanı təhdid sayanlara ayıb olsun" - Mirzoyan Gündəm

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Tavuş vilayətində azərbaycanlı çobanın Ermənistan sərhədini keçməsi ilə bağlı məlumatları təkzib etməyib.

News24.az xəbər verir ki, o, sərhəddə divar tikilmədiyi təqdirdə belə halların qarşısını tamamilə almağın demək olar ki, mümkün olmadığını bildirib.

Mirzoyan bu barədə parlamentin Xarici əlaqələr komissiyasının TRIPP layihəsi üzrə sazişin müzakirəsi zamanı keçirilən iclasında danışıb.

“Ölkənin təhlükəsizliyinə təhdidin yolunu azmış çobanda olduğunu düşünən siyasi qüvvəyə ayıb olsun!” – deyə Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, bu cür hadisələr Ermənistanla Azərbaycan arasında sülh əldə olunmazdan əvvəl də baş verib. O qeyd edib ki, tərəflər adətən belə hallara konstruktiv yanaşır, bir-birinə kömək edir və sərhədi keçən şəxsləri geri qaytarırlar.

“Belə hallar baş verir. Şükürlər olsun ki, hər iki tərəf buna konstruktiv yanaşır, kömək edir və insanları geri qaytarır”, – deyə XİN rəhbəri vurğulayıb. Mirzoyan, həmçinin, bu yaxınlarda azərbaycanlı hərbçinin Ermənistan sərhədini keçdiyini və baş verən insidenti xatırladıb. Nazir baş verənlərə tərəflərin reaksiyasını müsbət qiymətləndirib.

“Yəqin ki, divar tikməsək, belə halların qarşısını almaq mümkün olmayacaq. Ümid edirəm ki, divar tikməyəcəyik və daha sıx əməkdaşlığa əsaslanan həll yollarına gələcəyik”, – deyə o bildirib.

Nazir bu cür hadisələrdən sülh prosesinə qarşı arqument kimi istifadə edilməsini tənqid edib və münaqişəyə qayıtmağın Ermənistan üçün yaxşı seçim olmadığını söyləyib.

Qeyd edək ki, azərbaycanlı çobanın Ermənistan sərhədini keçməsi barədə daha əvvəl “5-ci kanal” məlumat yayıb. Nəşrin məlumatına görə, o, Tavuş vilayətinin Berd şəhərində aşkarlanaraq hərbi polis şöbəsinə aparılıb.