"İstərdim finalda bu iki komanda qarşılaşsın" - Deputatlar DÇ-də hansı komandaya azarkeşlik edəcək?
Gündəm
Futbol üzrə Dünya Çempionatına sayılı günlər qalıb. Böyük azarkeş ordusu bu yarışmanı zövqlə izləməyə hazırlaşır. Eyni zamanda dünyanın ən güclü milli komandalarının mübarizə aparacağı turnirin favoritləri, çempionları kim olacağı haqda müzakirələr də artır.
Xatırladaq ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək mundialda Türkiyə və Özbəkistan milli komandaları da yarışacaq.
Maraqlıdır, bəs Azərbaycanın millət vəkilləri bu möhtəşəm futbol bayramında hansı komandaya azarkeşlik edəcəklər? Onların çempionatdakı favoritləri kimdir və bu yarışmadan nələr gözləyirlər?
News24.az -ın sualını cavablayan millət vəkili Fazil Mustafa bu yarışmada xüsusi azarkeşlik etdiyi yox, rəğbət bəslədiyi komandaların olduğunu deyib: "Əvvəllər futbola daha fanatcasına yanaşırdım və o zaman İtaliya millisi mənim favorit komandam idi. Sonrakı dövrlərdə isə Almaniya yığmasının oyunlarını daha böyük maraqla izləyirdim.
Hazırda isə uğur qazanmasını istədiyim iki komanda xüsusi olaraq diqqətimi çəkir. Bunlar Türkiyə və Özbəkistan milliləridir. Dünya Çempionatında ən çox bu iki komandanın oyunlarını maraqla izləyəcəyəm və onların mümkün qədər irəli getməsini arzulayıram. Ümid edirəm ki, uğurlu nəticələri ilə bizi də sevindirə biləcəklər.
Favoritlərə gəldikdə isə, bu çempionatda bir neçə komandanın potensialını yüksək qiymətləndirirəm. Mərakeş son illərdə çox yaxşı oyun nümayiş etdirir. Bununla yanaşı, Fransa, İspaniya, Almaniya və İngiltərə də əsas favoritlər sırasındadır. Düşünürəm ki, bu komandalar turnirdə həlledici söz sahiblərindən olacaqlar".
Futbol yarışlarına həmişə özünəməxsus şərh verən millət vəkili Aqil Abbas da türk komandalarına azarkeşlik edir: "Türkiyə və Özbəkistan millilərinin uğur qazanmasını istəyirəm. Lakin hansı komandanın qazana biləcəyini deyə bilmərəm".
Deputat Vüqar Bayramov da digər həmkarları kimi Türkiyə milisindən yanadır: “Türkiyə komandasına azarkeşlik edirəm. Xüsusilə yığmanın gənc ulduzu Kenan Yıldızdan yaxşı oyun gözləyirəm. Lakin favorit hesab etdiyim komanda İspaniyadır. Düşünürəm ki, İspaniya millisinin Dünya Çempionatının qalibi olmaq üçün kifayət qədər böyük şansı var. Onlarla yanaşı, Fransa və Portuqaliya da turnirin ən güclü komandaları sırasında yer alır.
Bununla belə, mənim dəstəklədiyim komandalar qardaş Türkiyə və Özbəkistan yığmalarıdır. Hər iki komandanın uğurlu çıxış etməsini arzulayıram və onların nəticələrini xüsusi maraqla izləyəcəyəm. Amma reallıqdan çıxış etsək, əsas favorit kimi İspaniya millisini görürəm."
Deputat Azər Allahverənov isə sualımızı cavablamazdan qabaq gənclikdə futbolla yaxından maraqlandığını yada saldı: “Bir müddət hətta futbol oynamışam. Amma sonrakı illərdə maraq dairəm dəyişdi. Ona görə hazırda hansısa komandaya xüsusi azarkeşlik etdiyimi deyə bilmərəm. Təbii ki, zaman-zaman Azərbaycan çempionatının oyunlarını izləyirəm. Daha çox komandaların oyun taktikalarına, peşəkarlıq səviyyəsinə və meydandakı performansına diqqət yetirirəm. Dünya Çempionatlarında da əsasən həlledici mərhələlərin oyunlarını izləməyə çalışıram. Burada da hansısa komandaya xüsusi bağlılıqdan daha çox, futbolun özünə və oyunun keyfiyyətinə maraq göstərirəm.
Bununla belə, budəfəki çempionatda iki türk dövləti – Türkiyə və Özbəkistan milliləri iştirak edir. Təbii olaraq, onların çıxışlarını diqqətlə izləyəcəyəm. Hər iki komanda türk dünyasını təmsil etdiyi üçün onlara rəğbət bəsləyirəm və uğurlar arzulayıram. İmkan daxilində onların bütün oyunlarına baxmağa çalışacam".
Millət vəkili Hikmət Babaoğlu da Türkiyə millisinin qalib gəlməsini arzu edir: "Qardaş Türkiyə millisinə azarkeşlik edəcəm. İnanıram ki, komanda uğurlu çıxış edərək turniri ilk üçlükdə başa vuracaq.
Eyni zamanda, ilk dəfə Dünya Çempionatına vəsiqə qazanan qardaş Özbəkistan millisinin də çıxışlarını böyük maraqla izləyəcəm və onlara azarkeşlik edəcəm. Hesab edirəm ki, Özbəkistan bu turnirin sürpriz komandalarından biri ola bilər və yaxşı nəticələr əldə edərək irəli mərhələlərə yüksəlmək gücündədir."
Eyni cavabı həmkarı – millət vəkili Aydın Mirzəzadədən də eşitdik: " Türkiyə və Özbəkistan millilərini xüsusi maraqla izləyəcəm. Hər iki komandanın uğur qazanmaq üçün kifayət qədər böyük potensiala malik olduğunu düşünürəm.
Dünya Çempionatında iki türk dövlətinin milli komandasının iştirak etməsi qürurverici haldır. Arzum odur, gələcəkdə Azərbaycan millisi də bu mötəbər turnirdə yer alsın.
Hətta istərdim ki, turnirin finalında Türkiyə və Özbəkistan komandaları qarşılaşsın. Belə bir halda hansı komandaya azarkeşlik edəcəyimi müəyyənləşdirmək çətin olar. Çünki hər iki ölkəyə böyük rəğbət bəsləyir, hər ikisinin uğur qazanmasını arzulayıram".