"Deyəcək sözüm yoxdur" - Kəramətdən obyektləri haqda xəbərə reaksiya

"Deyəcək sözüm yoxdur" - Kəramətdən obyektləri haqda xəbərə reaksiya Gündəm

Yazıçı Kəramət Böyükçöllə bağlı yayılan məlumat qısa müddətdə media və sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrildi. “FHN Kəramət Böyükçölün obyektlərinin istismarına icazə verdi” başlığı ilə yayılan xəbərlərdə iddia olunurdu ki, yazıçının Sumqayıtda bir neçə obyekti var. Onlardan ən böyüyünün sahəsi 1 250, digər ikisinin sahəsi isə 191 və 37 kvadratmetrdir.

Qeyd edək ki, FHN “Entre” MMC tərəfindən hazırlanan layihə əsasında tikilən binalara 22 iyun 2026-cı il tarixli, 13160 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumata görə, obyektlərin indiki bazar qiyməti ilə hesablanan ümumi dəyəri təxminən 300-400 min manat təşkil edir.

Bu xəbər sosial şəbəkədə geniş rezonans doğuraraq həm oxucuların, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini çəkdi. Məlumat ətrafında müxtəlif fikirlər səsləndirildi.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən yazıçı Kəramət Böyükçöl yayılan məlumatlarla bağlı əlavə şərh vermək istəmədiyini bildirib. O, məsələ ilə bağlı dünəndən etibarən müxtəlif şəxslər tərəfindən onunla əlaqə saxlanıldığını qeyd edib:

"Sözügedən məsələ ilə bağlı mövqeyimi sosial şəbəkə hesabımda paylaşmışam. Açığı, əlavə nə isə demək istəmirəm. Dünəndən bəri bu məsələ ilə bağlı hər yerdən əlaqə saxlayırlar. Sosial şəbəkələrdə yazırlar. Qoy danışsınlar, nə istəyirlər, yazsınlar. Bundan artıq deyəcək sözüm yoxdur”.