Dönərdən zəhərlənmə halları buna görə artıb - Deputat çağırış etdi
Gündəm
Son zamanlar ictimai-iaşə obyektlərində, xüsusilə də, dönərdən qaynaqlanan qida zəhərlənmələri halları kəskin artıb. Təkcə dünən Şəmkirdə qeydə alınan hadisə bu problemin aktuallığını bir daha gündəmə gətirdi. Belə ki, sözügedən rayonda dönərdən zəhərlənən 24 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 14-ü azyaşlıdır. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Lakin müşahidələr göstərir ki, qida təhlükəsizliyi qaydalarına əməl olunmaması, məhsulların saxlanma şəraiti və gigiyena tələblərinin pozulması bu cür kütləvi zəhərlənmələrin əsas səbəbləridir.
Bəs vətəndaşlar öz sağlamlıqlarını qorumaq üçün nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Rəşad Mahmudov News24.az-a bildirib ki, son günlər baş verən kütləvi qida zəhərlənmələri məsələnin təkcə müəyyən bir qida növü ilə məhdudlaşmadığını göstərir:
"Bu, ümumilikdə bütün ictimai iaşə sahəsində ciddi diqqət tələb edən bir mövzudur. Əksər hallarda vətəndaşlar restoran, kafe və ya dönərxana seçərkən sadəcə qiymətə və dadına önəm verirlər. Halbuki ən vacib amil təmizlik, məhsulların düzgün saxlanması və yeməyin gigiyenik qaydalara uyğun hazırlanmasıdır. Çox sadə müşahidələr belə insana çox şey deyə bilər. İşçilərin əlcək və maskadan istifadəsi, yeməklərin hansı şəraitdə saxlanması, mətbəxin ümumi səliqəsi. Bu cür detallar bir ailənin və xüsusilə də uşaqların sağlamlığı üçün həyati əhəmiyyət daşıyır".

Deputatın sözlərinə görə, burada xüsusi vurğulanmalı məqam odur ki, nə qədər dövlət nəzarəti güclü olsa da, ictimai iaşədə çalışan insanların öz vicdani məsuliyyəti olmadan nəticə əldə etmək çətindir.
"Çünki hər aşpaz, hər satıcı bilməlidir ki, hazırladığı yemək sadəcə bir müştəriyə satılmır, əslində insanların sağlamlığı və həyat keyfiyyəti ona əmanət olunur. Dövlət orqanlarının yoxlamaları əlbəttə vacibdir, amma nəzarətdən öncə peşə sahiblərinin vicdanı və məsuliyyət hissi dayanmalıdır. Sağlam cəmiyyətin təməli də məhz buradan başlayır".
Aqil Qarayev