Doğum xəbərini cəbhədən aldım, ölüm xəbəri də cəbhədən gəldi - Şəhid atası

Doğum xəbərini cəbhədən aldım, ölüm xəbəri də cəbhədən gəldi - Şəhid atası Gündəm

2021-cil sentyabrın 27-də yürüşdə Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adilin bu gün doğum günüdür.

Şəhidin atası Asəm İbrahimov danışarkən bu günlə bağlı hislərini belə bölüşüb:

"Mən 1992-ci il sentyabrın 9-da cəbhədəydim. Övladımın dünyaya gəlmə xəbərini elə orada öyrəndim".

Doğum xəbəri atasına cəbhədə gələrkən, oğlunun şəhidlik zirvəsinə qalxdığı xəbəri də cəbhədən gedəcəkdi. 
Atası oğlunun hələ uşaq vaxtından mərd, qorxmaz olduğunu da qeyd etdi. Asəm İbrahimov oğluyla fəxr etdiyini böyük qürur hissi ilə danışdı.

"Bizim itirdiyimiz torpaqları mənim igid balam geri qaytardı. Mən hər gün fəxr edirəm ki, vətənim, dövlətim belə igid, mərd qorxmaz oğullar yetişdirir. Mənim balam da onlardan idi. İllərlə aldığı hərbi təhsil, təlimlər sayəsində vətəninin torpaqlarını geri qaytardı".

"Onunla fəxr edirəm, çünki o ən yüksək zirvədədir. Şəhidlik zirvəsində" - deyə A. İbrahimli qeyd edib.

Qeyd edək ki, Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində doğulub. Orta təhsilini 1999-2008-ci illərdə Sumqayıt 14 nömrəli məktəbdə, 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Ailəli idi, 2 övladı var.
Adil İbrahimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi.

Baş leytenant Adil İbrahimli 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində vətənin müdafiəsi üçün ön cəbhədə olub. Murovdağ döyüşlərindən tutmuş Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərə qədər bütün istiqamətlərdə şücaət göstərib. O, 7 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub və noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.