Dövlət başçılarının saytlarına hücumun məqsədi nədir? - Ekspertdən ilginc açıqlama

Dövlət başçılarının saytlarına hücumun məqsədi nədir? - Ekspertdən ilginc açıqlama Gündəm

Son dövrlər bir sıra dövlət başçılarının, tanınmış şəxslərin və beynəlxalq şirkətlərin sosial şəbəkə hesablarına kiberhücumların həyata keçirilməsi diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın, İsrailin Baş naziri Benyamin Netanyahunun, eləcə də bəzi nəhəng şirkətlərin hesablarının hədəfə alınması kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Bu cür kiberhücumların əsas məqsədi nədir? Hücumların arxasında hansı qüvvələr dayana bilər və belə halların qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Məsələ ilə bağlı News24.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Saməddin Qədimov bildirib ki, bu cür kiberhücumların əsas məqsədi saxta məlumatlar yaymaqla tanınmış şəxslərin, qurumların və şirkətlərin nüfuzuna zərər vurmaq, ictimai rəyə təsir göstərməkdir:

"Belə hücumların arxasında xüsusi qruplar, mütəşəkkil kriminal şəbəkələr və ya digər dövlətlərlə əlaqəli aktorlar dayana bilər. Hücumlar müxtəlif üsullarla həyata keçirilir və bəzən məqsəd yalnız məlumatların oğurlanması deyil, həm də dezinformasiya yaymaq, cəmiyyətdə çaşqınlıq yaratmaq və hədəf seçilən qurumun fəaliyyətinə mane olmaq olur".

Ekspert qeyd edib ki, bu cür təhdidlərin qarşısının alınmasında dövlət səviyyəsində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Qrupları (CERT) qurumlarının rolu xüsusilə vacibdir:

"Bu qurumlar kibertəhlükələr barədə operativ xəbərdarlıqlar yayır, baş verən hücumları təhlil edir, insidentlərin aradan qaldırılması prosesində təşkilatlara texniki və metodoloji dəstək göstərir, eləcə də müxtəlif qurumlar arasında məlumat mübadiləsini təmin edirlər. Kibertəhlükəsizlik yalnız ayrı-ayrı təşkilatların öz sistemlərini qoruması ilə məhdudlaşmamalıdır. Milli səviyyədə koordinasiyanın, operativ məlumat paylaşımının və kibertəhdidlərə qarşı birgə mübarizənin təşkili hücumların miqyasını və mümkün zərərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir".