Dövlət başçısı İndoneziya Prezidentini təbrik etdi
Gündəm
Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.
News24.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".