Elçin Mirzəbəyli: "Mehdiyevlə bağlı istintaqın dairəsi genişlənəcək"
Gündəm
Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd İbrahim məhkəmə qərarı ilə həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Bundan başqa, sabiq deputat Gültəkin Hacıbəyli də saxlanılıb.
Adı çəkilən şəxslər Rusiyanın layihəsi olduğu deyilən "Milyarderlər İttifaq"ı və Milli Şura layihələrinə Ramiz Mehdiyevlə iş birliyində şübhəli bilinirlər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli News24.az-a bildirib ki, Əli Kərimlinin Ramiz Mehdiyev işi ilə bağlı DTX-ya çağırılması istintaq proseduru olmaqla yanaşı, həm də arınmaqda olan siyasi sistem daxilində uzun illərdən bəri formalaşmış köhnə xəyanətkar şəbəkənin məhək daşlarının tamamilə sökülməsinin yeni mərhələsi kimi qiymətləndirilə bilər:
"Bu hadisə göstərir ki, Azərbaycanda keçmiş siyasi elita dövründə yaranmış alternativ nüfuz müvəkkilləri və təzyiq resurslarının fəaliyyətinə münasibətdə dözümlülük nümayiş etdirilməyəcək və onların siyasi proseslərə gizli müdaxilə imkanları tamamilə sıradan çıxarılacaq. Ramiz Mehdiyevin AXCP də daxil olmaqla bəzi radikal müxalif qruplaşmalarla eyni təxribat və sabotaj “cəbhə”sində yer alması dövlətin milli təhlükəsizlik prizmadan araşdırdığı mövzuya çevrilib və bu çərçivədə Əli Kərimlinin DTX-ya çağırılması onun siyasi kimliyindən çox, proseslərin hüquqi müstəvidə qiymətləndirilməsi ilə bağlıdır. AXCP sədrinin hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham edilməsi də prosesin mahiyyətini göstərən əsas faktorlardandır. Bu maddə dövlət əleyhinə strukturlaşmış, koordinasiyalı fəaliyyət şübhəsi mövcud olduğu halda tətbiq olunur. Hesab edirəm ki, hazırda istintaqın əlində siyasi prosesləri destabilizasiya etmək, sabotaj və təxribat cəhdləri, Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edəın qruplarla gizli anlaşmalar və kütləvi iğtişaş ssenarilərinə dair ilkin sübutlar var və bu baxımdan da, sözügedən maddənin hüquqi seçimi də tamamilə məntiqlidir".

Deputatın sözlərinə görə, baş verənlər dövlət təhlükəsizliyi kontekstində antikonstitusion siyasi mərkəz yaratmaq cəhdlərinə hüquqi reaksiya kimi dəyərləndirilə bilər:
"Mövcud prosesin daha da genişlənməsi və Mehdiyev işi ilə bağlı əlavə həbslərin olması ehtimalı da realdır. Ramiz Mehdiyev uzun illər dövlət strukturlarında və siyasi sistemdə geniş təsir şəbəkəsi formalaşdırdığı üçün istintaq dairəsinin genişlənməsi təbiidir. Bu çərçivədə ilk olaraq onun birbaşa təsir dairəsində olmuş, müxtəlif idarəetmə strukturlarında çalışmış və siyasi manipulyasiya üçün mövcud imkanlardan istifadə edən şəxslərin istintaqa və məsuliyyətə cəlb edilməsi mümkündür. Bundan əlavə, müxalif siyasətçilərlə və xaricdəki siyasi qruplarla əlaqələrin qurulmasında və davam etdirilməsində vasitəçi rolu oynayan şəxslərin də istintaqa cəlb edilməsi istisna edilmir".
Elçin Mirzəbəyli qeyd edib ki, digər potensial qrup isə qeyri-rəsmi siyasi texnoloqlar və köhnə strateqlərdir:
"Uzun illər Mehdiyevin ideoloji xəttini və strateji yanaşmalarını müxtəlif qruplara ötürən, informasiya manipulyasiyası və siyasi sabotaj layihələri hazırlayan bu şəxslər istintaq üçün ən gec toxunulacaq, lakin real təhlükə yaradan seqmentdir. Bu proses bütün şəbəkənin tam çökdürülməsinə doğru gedən yolda mərhələli bir addım kimi görünür və hadisələrin dinamikası göstərir ki, məsuliyyət daşıyan şəxslərin siyahısı hələ tam açılmayıb.
Beləliklə, məsələ bir şəxsin DTX-ya çağırılmasından daha geniş siyasi-hüquqi mənzərəyə malikdir. Bu, Azərbaycan siyasi sistemində köhnə metodların, gizli siyasi kanalların və qeyri-rəsmi təsir dairələrinin tam şəkildə ləğv edilməsi istiqamətində atılan addımların sərtləşdiyini göstərir. Prosesin davamlı olacağı və daha geniş dairəni əhatə edəcəyi ehtimalını yüksək qiymətləndirmək olar".