Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi

Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi Gündəm

Aprelin 14-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, İqtisadi Şuranın iclasda 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub.

Maliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.