“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Gündəm
Xəbər verdiyimiz kimi, ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” ilə bağlı yaydığı yeni sənədlərdə Azərbaycan auditoriyası üçün diqqət çəkən məqamlardan biri ABŞ Konqres üzvlərinin Bakıya səfəri ilə əlaqədardır. İddialara əsasən, həmin səfər çərçivəsində amerikalı nümayəndələr sabiq xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüblər.
Məsələyə münasibət bildirən Elmar Məmmədyarov News24.az-a açıqlamasında Epşteynlə heç vaxt görüşmədiyini deyib:
“Epşteynlə nə vaxtsa görüşməyim və ya onunla əlaqə qurmağa cəhd etməyim barədə iddialar həqiqətə uyğun deyil. Mən heç vaxt Epşteyn adlı bir şəxslə görüşməmişəm və onunla əlaqə saxlamağa çalışmamışam. Belə bir hal olsaydı, mütləq yadımda qalardı”.
E. Məmmədyarov əlavə edib ki, vəzifədə olduğu dövrdə Konqres üzvləri və digər yüksək səviyyəli rəsmilərlə görüşmək onun birbaşa xidməti vəzifəsi olub:
“Konqresmenlər Bakıya səfər edəndə, təbii ki, işimlə bağlı onlarla görüşmüşəm. Yüksək vəzifəli rəsmilər Azərbaycana gələndə, xarici işlər naziri kimi onları qəbul etmişəm. Lakin Epşteynlə heç bir görüşüm olmayıb və onu qəbul etməmişəm”.