Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq
Gündəm
Türkiyə ilə Azərbaycan arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar.
News24.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarəkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə dövlət başçısı bildirib ki, bu vəhdətin müəyyən dairələrdə narahatlıq doğurduğu hamıya bəllidir.
"Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir. Biz müxtəlif dövlətlərik. Eyni zamanda, fərqli institusional quruluşlara sahibik. Lakin qardaşlıq bağları ilə bir-birimizə möhkəm şəkildə bağlıyıq. Bu bağlılıq bizi ayaqda saxlayan, gücləndirən ən əsas amildir. Qardaşlığımız ortaq keçmişimizin, ortaq mədəni irsimizin və gələcək nəsillərə ötürəcəyimiz böyük mirasın ən etibarlı zəmanətlərindən biridir".
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında həmrəylik, tale birliyi və qardaşlıq əlaqələrinin mövcud olduğunu da vurğulayıb:
"Türkiyə və Azərbaycan bundan sonra da regionda sülhün, sabitliyin və rifahın bərqərar edilməsi yolunda çiyin-çiyinə birgə irəliləməyə davam edəcək".